MƏDƏNİYYƏT
Milli Kitabxanada Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar sərgi açılıb
Bakı, 5 may, AZƏRTAC
Mayın 5-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “5 May – Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günüdür” adlı kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan və digər dillərdə nəşr olunmuş kitablar, dövri mətbuat materialları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.
Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə 1992-ci ildən etibarən hər il 5 may bütün dünyada Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir. Bu günün qeyd olunmasında məqsəd əlillərin və sağlamlıq imkanları məhdud şəxslərin hüquqlarının qorunmasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, bu kateqoriyadan olan insanların cəmiyyətə inteqrasiyasını gücləndirməkdir.