MƏDƏNİYYƏT
Milli Kitabxanada Anım Gününə həsr edilən tədbir keçirilib
Bakı, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də Azərbaycan Milli Kitabxanasında 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan torpaqlarının azad edilməsi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək bildirib ki, 2 il öncə başlayan 44 günlük II Qarabağ müharibəsi Azərbaycan, o cümlədən dünya tarixinə qızıl rəqəmlərlə yazılmış şanlı Zəfərimizin tarixidir. Azərbaycan xalqı və şanlı Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə 44 günlük II Qarabağ müharibəsində möhtəşəm Qələbə qazandı, torpaqlarımız işğaldan azad edildi. Bildirib ki, Azərbaycan əsgəri müharibə günlərində əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsinə çevrildi. Düşmənin 30 il ərzində qurduğu, milyardlarla vəsait xərclədiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, Azərbaycanın tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu.
Direktor çıxışı zamanı vurğulayıb ki, 44 günlük haqq savaşımızda Azərbaycan xalqı çoxsaylı şəhidlər verdi: “Biz bu günümüzə görə onlara borcluyuq. Yüz illər keçsə də, Azərbaycan xalqı heç vaxt öz şəhidlərini unutmayacaq. Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək”.
Çıxışının sonunda K.Tahirov bildirib ki, bu gün Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır.
Sonda iştirakçılar “27 Sentyabr – Azərbaycan Respublikasında Anım Günü” kitab sərgisi ilə tanış olublar.