MƏDƏNİYYƏT
Milli Kitabxanada “...və bütün qaranlıq otaqlar” adlı şeirlər kitabının təqdimatı olub
Bakı, 15 dekabr, AZƏRTAC
Dekabrın 15-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”da şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü Tural Turanın “...və bütün qaranlıq otaqlar” adlı şeirlər kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi, Milli Kitabxana və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən təqdimat mərasimində çıxış edənlər kitabın məziyyətlərindən danışıblar.
Bildirilib ki, bu müəllifin sayca beşinci kitabıdır. Kitabda şairin son illərdə qələmə aldığı poetik nümunələr yer alıb. Yaradıcılığında sərbəst və heca vəznləri üstünlük təşkil edən gənc şairin şeirləri daha çox kosmopolit və bəşəri ideyaları özündə cəmləşdirir.
Təqdimat mərasiminə toplaşan şairin qələm dostları ona öz ürək sözlərini söyləyərək, yaradıcılığında uğurlar arzulayıblar.
Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən T.Turan bundan sonra da öz üslubuna sadiq qalacağını və yeni poetik nümunələrlə oxucuların görüşünə gələcəyini söyləyib.