MƏDƏNİYYƏT
Milli Konservatoriyanın tələbələri beynəlxalq festivalda birinci olub
Bakı, 17 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Konservatoriyasının (AMK) tələbələri Orxan Zeynalov (tar) və Nərmin İsgəndərova (fortepiano) Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Salut Talantov” VII Beynəlxalq Musiqi Festivalında birinci yerə layiq görülüblər.
AMK-dən AZƏRTAC-a bildirilib ki, ali təhsil ocağının rektoru, Xalq Artisti Siyavuş Kərimi hər iki qaliblə görüşərək onları təbrik edib. Rektor istedadlı gənclərimizin dünya musiqi festivallarında iştirakını düzgün addım adlandıraraq konservatoriyanın milli mədəniyyətimizin inkişafına verdiyi töhfələrdən danışıb.
Rəhbəri olduğu təhsil ocağının tələbələrinin yaradıcılığa olan münasibətlərini yüksək qiymətləndirən S.Kərimi, tələbələrin bu yöndə özlərini inkişaf etdirməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, hər iki iştirakçı festivalda Səid Rüstəmov və Tofiq Quliyevin “Qaytağı” əsərlərini ifa ediblər.
Ümumilikdə 45 ölkədən 850 iştirakçının qatıldığı festivalın ilk günündə təmsilçilərimiz festivalın qala- konsertinə dəvət alan 25 iştirakçı siyahısına daxil ola biliblər.
Qala- konsertdə uğurlu çıxışla yadda qalan O.Zeynalov və N.İsgəndərova professional ifaçılıq və artistizmə görə xüsusi diplomla təltif olunublar.