REGİONLAR
Milli Konstitusiyamız dövlətçilik tariximizdə yeni bir mərhələ açıb
Zərdab, 12 noyabr, AZƏRTAC
Zərdabda 12 noyabr - Konstitusiya Günü qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Rayon icra hakimiyyətində təşkil olunan təntənəli yığıncaqda Azərbaycanın Dövlət Himni səsləndirilib.
Rayon məhkəməsinin hakimi Tahir Qubadov Konstitusiya Günü münasibətilə məruzə edib. Vurğulayıb ki, müstəqil Azərbaycanın Konstitusiyası dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə işlənib hazırlanan, 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən ilk milli Konstitusiyamız dövlətçilik tariximizdə yeni bir mərhələ açıb.
Məruzədə, eləcə də çıxışlarda diqqətə çatdırılıb ki, müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaradıb və onun inkişafına güclü təkan verib. Konstitusiya qəbul edilən gün – noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirilib. İlk Konstitusiyanın milli dövlətçilik tariximizdə müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı ildən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilir.