SİYASƏT
Milli Məclis komitələrinin birgə iclasında bir neçə qanun layihəsinə baxılıb VİDEO
Bakı, 20 fevral, AZƏRTAC
Fevralın 20-də Milli Məclisin əmək və sosial siyasət, hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasa sədrlik edən əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli gündəlikdə 14 məsələnin olduğunu bildirib.
Hadi Rəcəbli fevralın 19-da ölkə Prezidenti tərəfindən Qarabağ müharibəsi iştirakçıları, veteranları, 20 Yanvar faciəsi əlilləri və şəhid ailələri ilə bağlı üç mühüm sənədin imzalandığını xatırladıb. O bildirib ki, Prezident İlham Əliyev Milli Məclisə əhalinin məcburi dövlət sosial sığorta sahəsində 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və bu ilin aprelin 1-ə qədər ödənilməmiş borclarının, eləcə də 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış maliyyə sanksiyalarının silinməsini təklif edib. Hadi Rəcəbli komitənin gündəliyinə bu qəbildən olan “Əlil olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin (ikinci oxunuş) və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” yeni qanun layihələrinin daxil edildiyini deyib.
İclasda iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi sahibkarlığın inkişafı üçün nəzərdə tutulub. Nazir müavini diqqətə çatdırıb ki, bu borclar sahibkarlığın inkişafına ciddi əngəl törədir. 2003-cü illə müqayisədə sosial sığorta haqları üzrə daxilolmalar təxminən 9,4 dəfə artıb. Məcburi dövlət sosial sığortası üzrə ödənilməyən borclar 2018-ci il yanvarın 1-dək təxminən 364 milyon manatdan çoxdur. Bu borcların silinməsi vətəndaşların pensiya təminatına heç bir təsir göstərməyəcək.
Sonra Milli Məclis Aparatı sosial qanunvericilik şöbəsinin sektor müdiri Adil Vəliyev gündəlikdə nəzərdə tutulan digər 13 qanunda dəyişiklikləri şərh edib. Bildirilib ki, qanun layihələri Prezident tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə ünvanlanıb. “İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında”, Seçki Məcəlləsində, “Milli Məclis deputatının statusu haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də, “Dövlət qulluğu haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Yaşayış minimumu haqqında”, “Sosial sığorta haqqında”, “Sosial müavinətlər haqqında” sənədlərdəki dəyişikliklər oxşar xarakterlidir. Bu layihələrdə dəyişikliklər “Əmək pensiyaları haqqında” 10 mart 2017-ci il tarixli Qanunda güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər kateqoriyasına uyğunlaşdırma ilə əlaqədardır. Bununla bir sıra kateqoriyadan olan insanların pensiya təminatı növbəti dəfə yaxşılaşdırılmış olacaq.
Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.