CƏMİYYƏT
Milli Məclisdə 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə görüş keçirilib
Bakı, 4 mart, AZƏRTAC
Martın 4-də Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Vətən müharibəsində iştirak etmiş bir qrup idmançı və məşqçilərlə görüş keçirib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sədr müavini Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatla ölkəmizin tarixində yeni səhifə açıldığını bildirib. Adil Əliyev qeyd edib ki, Qələbədən sonra əsas prioritetlər işğaldan azad edilmiş ərazilərimizə böyük qayıdışın təmin edilməsi və ərazilərimizin bərpa olunmasıdır. Ölkə başçısının bir neçə gün bundan əvvəl keçirdiyi 4 saatlıq möhtəşəm mətbuat konfransında toxunduğu məsələləri qeyd edən Adil Əliyev həmin tədbirin əhəmiyyətindən danışıb.
Görüşdə 5 mart - Bədən Tərbiyəsi və İdman Günü barədə söhbət açılıb. Adil Əliyev idmanın ölkəmizdə daim diqqət mərkəzində olması, bu sahənin inkişaf etdirilməsi üçün dövlətimizin həyata keçirdiyi tədbirlər, ölkəmizin beynəlxalq yarışlara ev sahibliyi etməsi barədə fikirlərini bölüşüb. Yarışlarda yüksək nəticə göstərən idmançıların daim ölkə başçısı tərəfindən qəbul edilməsinə və mükafatlandırılmasına diqqət çəkən sədr müavini bunun dövlətimizin başçısının idmana diqqət və qayğısının bariz nümunəsi olduğunu qeyd edib.
Fikir mübadiləsi zamanı gənc nəslin idmana marağının artırılması, bu amilin gənclərdə vətənpərvərlik hissinin formalaşmasında və onların zərərli vərdişlərdən uzaq olmasında rolu barədə danışılıb.
Görüşün sonunda Vətən müharibəsinin iştirakçısı olan idmançılara, məşqçi müəllimlərə və idman sahəsində fəaliyyət göstərən bir qrup şəxsə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri fərmanı təqdim edilib.