SİYASƏT
Milli Məclisdə AŞPA-nın yay sessiyasına hazırlıq iclası keçirilib
Bakı, 8 iyun, AZƏRTAC
İyunun 8-də Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin AŞPA-nın yay sessiyasına hazırlıq iclası keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iyunun 21-dən 24-dək qurumun yay sessiyasının keçiriləcəyini qeyd edib. Bildirib ki, sessiyada qurumun Bürosunun və Daimi Komitəsinin hesabatları dinləniləcək, Avropa İnsan Hüquqları Məhkəməsinə hakimlər seçiləcək, Bolqarıstanda və Albaniyada keçirilmiş parlament seçkilərinin nəticələri, Media azadlığı və ictimai etimad, COVID-19 vəsiqələri və sertifikatlar, pandemiyanın yaratdığı sosial-iqtisadi böhranın aradan qaldırılması, pandemiyanın uşaq hüquqlarına təsiri, Avropada diasporlarla bağlı siyasət və digər mövzular müzakirə olunacaq.
Sonra iclasda sessiyada müzakirəyə çıxarılacaq məsələlər ətrafında fikir mübadiləsi aparılıb, nümayəndə heyətinin üzvləri gündəlikdəki məsələlərlə bağlı qeyd və təkliflərini diqqətə çatdırıblar.
Hazırlıq iclasında Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri Rafael Hüseynov, Sevinc Fətəliyeva, Asim Mollazadə, Erkin Qədirli, Könül Nurullayeva, Nigar Arpadarai, Tural Gəncəliyev, Sabir Hacıyev və Kamal Cəfərov iştirak ediblər.