İQTİSADİYYAT
Milli Məclisdə “Dövlət-özəl sektor tərəfdaşlığı haqqında” yeni qanun layihəsi müzakirə olunur
Bakı, 28 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında növbəti iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, iclasda “Dövlət-özəl sektor tərəfdaşlığı haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin bəndlərinə uyğun olaraq, dövlət-özəl tərəfdaşlığı sahəsində fəaliyyətin həyata keçirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
“Dövlət-özəl sektor tərəfdaşlığı haqqında” qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2022-ci il üzrə payız sessiyasının qanunvericilik işlər planına daxil olunan məsələlərdən biridir.
Qeyd edək ki, Milli Məclisin payız sessiyası ərzində “Dövlət-özəl sektor tərəfdaşlığı haqqında” yeni qanun layihəsindən başqa, büdcə zərfinə daxil olan “2022-ci il dövlət büdcəsi haqqında”, “2022-ci il üçün yaşayış minimumu haqqında”, “2022-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında”, Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının gələn il üçün xərclər smetaları haqqında qanun layihələri, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihələrinin müzakirəsi də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin cari iş planına daxil edilib.