SİYASƏT
Milli Məclisin deputatı AŞPA-nı Azərbaycan əsgərinin cəsədinin qaytarılması istiqamətində səyləri artırmağa çağırıb
Strasburq, 24 yanvar, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında azad müzakirələr zamanı çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva əvvəlcə şəhid Çingiz Qurbanovla bağlı danışaraq AŞPA-nı onun cəsədinin Azərbaycana qaytarılması istiqamətində səyləri artırmağa çağırıb. O, Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın dekabrın sonunda Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşma zamanı şəhid olmuş azərbaycanlı əsgər Çingiz Qurbanovun cəsədinin qaytarılması ilə bağlı narahatlıq ifadə etdiyini və cəsədin təxirə salınmadan geri qaytarılmasına çağırış etdiyini xatırladaraq ona təşəkkür edib. Azərbaycan dövləti və Beynəlxalq Qırmızı Xaç Komitəsinin də bu istiqamətdə səy göstərdiyini, amma bu günə qədər müsbət irəliləyişin olmadığına təəssüflə bildirən deputat baş katibin çağırışına müsbət cavab verilməsinə və cəsədin geri qaytarılmasına çağırıb. Deputat Dilqəm Əsgərovun və Şahbaz Quliyevin hələ də girovluqdan azad edilməməsi məsələsini də qeyd edərək AŞPA-nı, həmçinin onların azad olunması istiqamətində səylərini artırmağa səsləyib.
Q.Paşayeva deyib: “Biz Torbyorn Yaqlanda və Pedro Aqramunta azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi istiqamətində verdikləri açıqlamalara görə təşəkkür edirik. Təəssüf ki, onların azadlığa buraxılması istiqamətində hələ heç bir müsbət irəliləyiş yoxdur. Dilqəm Əsgərovun və Şahbaz Quliyevin ailəsi onların azadlığa buraxılması istiqamətində assambleyamızdan səyləri daha da artırmalarını gözləyir və onu buna çağırırlar”.
Deputat AŞPA-da Azərbaycan və nümayəndə heyətimiz əleyhinə fikirlərlə çıxış edən Ermənistan parlamentarisi Samvel Farmanyana da cavab verərək onu yanlış fikirlərinə görə kəskin qınayıb. Parlament Assambleyasında bu cür doğru olmayan fikirlərin söylənilməsinin çox yanlış olduğunu vurğulayıb.
Q.Paşayeva getdikcə artan terror hadisələrindən də danışıb və terrora qarşı birgə mübarizənin önəmini və ikili standartlardan əl çəkilməsinin vacibliyini qeyd edərək bildirib: “Dünyamız və Avropa çox ağır günlərdən keçir. Bunun səbəbi təkcə dünyada artan iqtisadi böhranlar deyil. Avropa Şurasının sərhədləri yaxınlığında artan gərginliklər, müharibə və münaqişə ocaqları, artan terror bizi çox ciddi narahat etməlidir. Yaşadığımız Avropa Şurası məkanında terror hadisələrinin artması hər birimizi ciddi narahat etməlidir. Artıq heç bir Avropa ölkəsinin vətəndaşları özlərini terrordan təhlükəsiz hiss edə bilmir. Bu mövzuları daha çox müzakirə edərək səbəblərə qarşı birgə mübarizə aparmalıyıq. Bu artan gərginliklər fonunda təcili addımlar atılmazsa, çox yaxın gələcəkdə bizi gözləyən daha dəhşətli böhranların fərqində olmalıyıq. Terrora qarşı mübarizəmizi birlikdə daha da gücləndirməliyik. Terrora qarşı mübarizədə ikili standartlara yol verilməməlidir, buna son qoyulmalıdır”.
Mədəniyyətlərarası dialoqun artmasının vacibliyindən danışan deputat Azərbaycanın bu istiqamətdə ən yaxşı örnək ölkələrdən biri olduğunu vurğulayıb və bu məsələyə xüsusi diqqət ayırmağa səsləyib. O deyib: “Mədəniyyətlər, sivilizasiyalar, dinlərarası dialoqun, multikulturalizmin genişlənməsi mövzusu assambleyamızın daha çox, hətta daim gündəmində olmalıdır. Biz mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa böyük önəm verməli, bu istiqamətdə uğurlar qazanan ölkələrin modellərinin Avropa və bütün dünyada daha geniş yayılmasına çalışmalıyıq. Hər zaman bu məsələyə böyük önəm vermiş Azərbaycanda ötən il “Multikulturalizm ili” elan edilib və bir sıra ölkədaxili tədbirlərlə yanaşı, il ərzində beynəlxalq aləmin diqqətini bu mövzuya daha çox çəkmək üçün beynəlxalq səviyyəli konfrans, forum və tədbirlər keçirilib. Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkə olmaqla yanaşı, burada həm də təhsil, kütləvi informasiya vasitələri vasitəsilə tolerantlığın daha da artması istiqamətində ciddi işlər görür. Azərbaycan Prezidentinin Fərmanı ilə ölkəmizdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi təsis edilib. Müasir dünyada tolerantlıq və multikulturalizmə heç bir alternativ yoxdur. Buna görə də Avropa Şurasına üzv ölkələrdə bu məsələ daim nəzarət altında saxlanılmalıdır. Harada baş verməsindən asılı olmayaraq mənfi meyillərin qarşısının alınması istiqamətində ümumi səylərimizi gücləndirməliyik. Bütün üzv ölkələrdə multikulturalizmin önəmi ilə bağlı daha çox işlərin görülməsinə və assambleyamızda tez-tez bu istiqamətdə müzakirələrə böyük ehtiyac var”.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq