SİYASƏT
Milli Məclisin deputatı AŞPA-nı Ermənistana qarşı ciddi addımlar atmağa çağırıb
Strasburq, 14 oktyabr, AZƏRTAC
Milli Məclisin deputatı Qənirə Paşayeva AŞPA-nın payız sessiyası çərçivəsində sərbəst müzakirələr zamanı Azərbaycan əleyhinə yalanlarla dolu çıxış edən erməni nümayəndə heyətinin üzvlərinə sərt cavab verib.
O bildirib ki, Ermənistan nümayəndə heyətinin üzvlərinin işlətdikləri “Dağlıq Qarabağ Respublikası” ifadəsi AŞPA qətnamələrinə tamamilə ziddir. Dünyada “Dağlıq Qarabağ Respublikası” deyilən bir yer yoxdur. Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ bölgəsi var ki, bu da Azərbaycan ərazisidir. Bu, AŞPA qətnamələrində də məhz bu cür öz əksini tapır. Ermənistan deputatları oxumağı bilirlərsə o sənədləri daha diqqətlə oxumalıdırlar və burada yalan danışmamalıdırlar. Dünyanın heç bir ölkəsi Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ bölgəsində qurulmuş separatçı, saxta erməni rejimini tanımır və bütün ölkələr, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, eyni zamanda,
BMT, AŞPA qətnamələrində öz əksini tapıb.
Qeyd olunub ki, AŞPA qəbul etdiyi qərarların həyata keçirilməsinə ciddi nəzarət etməlidir. Qəbul olunan qərarları yerinə yetirməyənlərə qarşı ciddi addımlar atılmalıdır. Avropa Şurasına üzv olan bir ölkə digər üzv ölkənin torpaqlarını işğal altında saxlaya bilməz. Ukrayna ilə bağlı müzakirələr zamanı da AŞPA bu barədə birmənalı mövqeyini bildirib. Bəs nə üçün Azərbaycan ərazisinin 20 faizini 25 ilə yaxındır işğal altında saxlayan Ermənistana qarşı ciddi addımlar atılmır? Nə üçün AŞPA onun qətnamələrini yerinə yetirməkdən imtina edən işğalçı Ermənistana qarşı ciddi tədbirlər görmür? Ermənistan 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə dönməsinə imkan vermir, 1 milyon insanın haqlarını 25 ilə yaxındır tapdalamaqda davam edir. Niyə AŞPA onların haqlarını pozan Ermənistana qarşı heç bir ciddi addım atmır? AŞPA-nın qəbul etdiyi 1416 saylı qətnamənin qəbulundan 10 ildən çox vaxt keçməsinə baxmayaraq, Ermənistan ona riayət etmir. Sərsəng su anbarı ilə bağlı qətnamənin qəbulundan aylarla zaman keçir. Amma Ermənistan onu da yerinə yetirmir. Avropa İnsan Haqları Məhkəməsi azərbaycanlı məcburi köçkünlərlə bağlı “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərar qəbul edib. Ermənistan onu da yerinə yetirməkdən imtina edir və AŞPA işğalçı ölkənin törətdiyi bu dəhşətli əməlləri dayandırmaq üçün ciddi addımlara əl atmır. Biz Assambleyamızı işğalçı Ermənistanın əməllərinə artıq ciddi cavab verməyə, sərt addımlar atmağa çağırırıq. Ermənistan təşkilatımız və baş katib Torbyorn Yaqlandın bütün çağırışlarına baxmayaraq hələ də azərbaycanlı məcburi köçkünlər Dilqəm Əsgərovu və Şahbaz Quliyevi girovluqda saxlamaqda davam edir, onlara qarşı saxta məhkəmələr, işgəncələr davam edir. Assambleyamız Ermənistanın insan haqlarına bu qədər zidd əməllərinə artıq susmamalıdır və ciddi addımlar atmalıdır. Biz AŞPA-nı işğalçı Ermənistana qarşı ciddi təzyiqlər göstərməyə çağırırıq.
Qənirə Paşayeva Ermənistan nümayəndə heyətinin üzvlərinin deputat Rafael Hüseynova və AŞPA-nın sədri Pedro Aqramunta qarşı hörmətsizliklərini pisləyərək Assambleyanı ermənistanlı parlamentarilərin bu əməllərini qınamağa çağırıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq