CƏMİYYƏT
Milli Məclisin deputatı Macarıstanın “Zabitlər Xaçı ləyaqət ordeni” ilə təltif olunub
Bakı, 26 sentyabr, AZƏRTAC
Sentyabrın 26-da Macarıstanın Azərbaycandakı səfirliyində Milli Məclisin deputatı, Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Xanhüseyn Kazımlının Macarıstanın “Zabitlər Xaçı ləyaqət ordeni” mükafatı ilə təltif olunması münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən səfir Viktor Sederkenyi Macarıstan ilə Azərbaycan arasındakı əlaqələrin dostluq və strateji tərəfdaşlıq xarakteri daşıdığını söyləyib. Ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əməkdaşlıq yüksək səviyyədədir. Siyasət, iqtisadiyyat və mədəniyyət, eləcə də parlamentlərarası əlaqələr sahələrində ikitərəfli əlaqələrimizin inkişafı üçün sıx əməkdaşlıq edən şəxslər var. Bu şəxslərdən biri də Milli Məclisin deputatı Xanhüseyn Kazımlıdır. O, Milli Məclisin deputatı, Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri kimi parlamentlərimiz arasındakı əlaqələrin inkişafında mühüm rol oynayıb. Beləliklə, X.Kazımlı bu mükafatla Macarıstan-Azərbaycan əlaqələrinin dərinləşməsinə xidmət edən fəaliyyətinə görə təltif edilib.
Tədbirdə çıxış edən Xanhüseyn Kazımlı onu bu mükafatla təltif etdiyinə görə Macarıstan Prezidenti Yanoş Aderə təşəkkürünü bildirib. O deyib ki, iki ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Deputat Azərbaycan ilə Macarıstanın tarixi köklərə əsaslanan sıx münasibətlərinin olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, ölkələrimizin bir-biri ilə əməkdaşlığı strateji tərəfdaşlıq müstəvisində inkişaf edir.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafından bəhs edib. O, Azərbaycan və Macarıstan parlamentləri arasında əlaqələrin məmnunluq doğurduğunu vurğulayıb, iki ölkə arasında əməkdaşlığın yüksək səviyyəyə yüksəldiyini söyləyib. S.Seyidov qeyd edib ki, Xanhüseyn Kazımlı digər ölkələrin nümayəndələri ilə dostluq münasibətlərinin yaradılmasında, ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayıb. Bunun bariz nümunəsi kimi, o, Macarıstan Prezidenti tərəfindən mükafata layiq görülüb.