Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin növbəti plenar iclası keçirilib

İclasda Kamran Əliyevin Baş prokuror vəzifəsinə namizədliyi dəstəklənib, Hesablama Palatasının illik hesabatı dinlənilib, bir sıra sənədlərə dəyişikliklər müzakirə edilib

Bakı, 1 may, AZƏRTAC

Mayın 1-də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin Sədri Sahibə Qafarova gündəlik barədə məlumat verib. 

Əvvəlcə iclasda “Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirə edilib.

İclasda iştirak edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən, Baş prokuror vəzifəsinə Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin namizədliyinin irəli sürüldüyünü bildirib. Namizədin bioqrafiyası haqqında məlumat verən Ədalət Vəliyev Kamran Əliyevin fəaliyyətinin dövlət tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, bu illər ərzində Milli Məclislə Baş Prokurorluq arasında sıx əməkdaşlıq olub. O deyib ki, Kamran Bayram oğlu Əliyevin namizədliyini Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında komitənin üzvləri dəstəkləyərək müsbət rəy veriblər. Kamran Əliyevin Baş prokuror vəzifəsinə namizədliyinin irəli sürülməsi hüquq ictimaiyyəti tərəfindən də müsbət qarşılanır.

Sonra səsvermə yolu ilə Kamran Əliyevin Baş prokuror vəzifəsinə namizədliyi dəstəklənib.

İclasda iştirak edən Kamran Əliyev çıxış edərək deyib: “Mənə yüksək etimad göstərdiyinə görə, möhtərəm Prezident İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm. Azərbaycan müstəqillik illərində çətin və şərəfli inkişaf yolu keçib. Ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmiz ağır vəziyyətdən çıxaraq inkişaf yoluna qədəm qoyub. Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi daxili və xarici siyasət nəticəsində Azərbaycan dünyada qabaqcıl mövqelərdən birini tutub. Xalqın maraqlarının qorunması, hüquqi qaydaların qorunması, təhlükəsizliyin təminatına ciddi nəzarət Azərbaycan prokurorluğu qarşısında da ciddi vəzifələr qoyur.

Bu yüksək kürsüdən sizi əmin etmək istəyirəm ki, Azərbaycan Prokurorluğu bundan sonra da hər zaman qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsi sahəsində üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirəcək, dövlətimizə və xalqımıza sədaqətlə xidmət edəcək”.

İclasda sonra Azərbaycan Respublikası Hesablama Palatasının illik hesabatı dinlənilib.

Hesabatı təqdim edən Palatanın sədri Vüqar Gülməmmədov qeyd edib ki, qurumun hesabatı qanunun tələblərinə uyğun hazırlanıb. 2018-2020-ci illər üzrə qəbul edilmiş Strateji İnkişaf Planı ilə nəzərdə tutulmuş məqsədlərə dair tədbirlər, qurumun ötən ildəki həm nəzarət, həm də inzibati fəaliyyəti üzrə əsas nəticələr hesabatda öz əksini tapıb.

Bildirilib ki, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının layihəsi, eləcə də dövlət büdcəsinin icrası ilə bağlı Milli Məclisdən daxil olan qanun layihələrinə dair Hesablama Palatasının verdiyi rəylərdə həm icra, həm də layihə sənədləri ciddi təhlil edilib, mümkün risklər araşdırılıb, problemlər göstərilib və onların aradan qaldırılması məqsədilə tövsiyələr verilib.

Palata sədri məlumat verib ki, 2019-cu ildə 47 audit və 6 analitik fəaliyyət həyata keçirilib. Yeni Qanunun tələblərinə uyğun olaraq 28 uyğunluq, 7 maliyyə, 8 maliyyə və uyğunluq, həmçinin ilk dəfə olaraq 4 səmərəlilik auditi aparılıb. Hesabatda 43 maliyyə və uyğunluq auditinin nəticələri icmallaşdırılıb, yol verilən pozuntular təsnifləşdirilərək ayrı-ayrı audit olunan qurumlar üzrə say və ümumi məbləğdə xüsusi çəkisi müəyyən edilib.

Qeyd olunub ki, ötən il Hesablama Palatası 561 nöqsan müəyyən edib. Əsas pozuntular büdcə qanunvericiliyi, dövlət satınalmaları, dövlət əsaslı vəsait qoyuluşları sahələrində baş verib. Mühasibat uçotu və hesabatlılıqla bağlı pozuntular da üstünlük təşkil edib. Əvvəlki illə müqayisədə 2019-cu ildə nəticələr üzrə müəyyən edilmiş nöqsanlar təsnifləşdirilib, nəzarət tədbirlərinin sayı 18,9 faiz, nöqsan sayı isə 21,4 faiz azalıb.

Bildirilib ki, 2019-cu ildə 21,3 milyon manat vəsaitin bərpası təmin edilib, həmin vəsaitin 19,6 milyon manatı dövlət büdcəsinə, 1,3 milyon manatı büdcədənkənar dövlət fondunun büdcəsinə və 335,4 min manat vəsait qurumların hesabına daxil olub.

Vüqar Gülməmmədov deputatlara həyata keçirilmiş nəzarət tədbirləri, müxtəlif büdcə və hesablara bərpa edilmiş vəsaitlər, nöqsanlara yol vermiş vəzifəli şəxslərə tətbiq edilən inzibati tənbeh tədbirləri, səmərəlilik auditləri nəticəsində aşkar olunmuş səmərəsiz xərclər və s. barədə geniş məlumat verib.

Daha sonra məsələ ilə bağlı müzakirələr aparıldı. Çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlardan Fazil Mustafa, Vahid Əhmədov, Malik Həsənov, Qüdrət Həsənquliyev, Əli Məsimli, Sahib Alıyev, Vüqar Bayramov, Erkin Qədirli, Əli Hüseynli, Razi Nurullayev və Sədaqət Vəliyeva hesabatdakı yenilikləri və mütərəqqi cəhətləri vurğulayıb, fikirlərini bildiriblər.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov müzakirədə səslənmiş təkliflərə münasibət bildirib, sualları cavablandırıb.

Müzakirələrin sonunda Hesablama Palatasının 2019-cu ildəki fəaliyyətinə dair hesabatı səsə qoyularaq məqbul hesab edilib.

Fasilədən sonra gündəlikdəki digər məsələlərin müzakirəsinə başlanılıb.

Əvvəlcə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İordaniya Dəniz Komissiyası arasında Dənizçilərin hazırlanmasına, onlara diploma verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiyanın (əlavələrlə) I/10-cu qaydasına uyğun olaraq sertifikatların (diplomların) tanınması haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsi haqqında məlumat verib. Qeyd olunub ki, bu sənəd hər iki tərəf arasında dənizçilərə ixtisas şəhadətnamələrinin verilməsini nəzərdə tutur. Sənəd səsə qoyularaq qəbul edilib.

Tahir Mirkişili “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında vergi inzibatçılığının həyata keçirilməsi üçün elektron formada məlumat mübadiləsi haqqında” Protokolun təsdiq edilməsi barədə qanun layihəsi haqqında sənədi də ətraflı şərh edib. Qeyd olunub ki, Azərbaycan bu Protokola xüsusi qeyd-şərtlə qoşulub. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqları azad edilməyincə və işğalın zərərləri tam aradan qaldırılmayınca Protokolda göstərilmiş heç bir hüquqi öhdəlik və müddəalar ölkəmiz tərəfindən Ermənistana tətbiq edilməyəcək.

Sənəd səsvermə yolu ilə təsdiqlənib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov gündəlikdəki növbəti 3 məsələni - Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda dəyişiklik edilməsi barədə məsələləri üçüncü oxunuşda müzakirəyə təqdim etdi. Qeyd olundu ki, sənədlərə təklif edilən dəyişikliklər “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının icrası ilə əlaqədardır, ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədilə hazırlanıb. Hər 3 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq təsdiq edilib.

Sonra iclasda Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Yol hərəkəti haqqında”, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Məşğulluq haqqında”, “Dövlət rüsumu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Yeyinti məhsulları haqqında” qanunlarda və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsini, eləcə də Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında sənədləri üçüncü oxunuşda təqdim edib. Sənədlər səsə qoyularaq qəbul edilib.

İclasda Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi də üçüncü oxunuşda təsdiqlənib.

Tahir Mirkişili “Dövlət rüsumu haqqında”, “Dövlət satınalmaları haqqında” qanunlarda və Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında qanun layihələrini üçüncü oxunuşda təqdim edərək bildirib ki, sənədlərin əvvəlki oxunuşdakı müzakirəsindən sonra mətnlərdə heç bir dəyişiklik aparılmayıb. Qanun layihələri səsvermə yolu ilə təsdiqlənib.

Sonra “Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) məlumat verən Tahir Mirkişili qeyd edib ki, təklif olunan dəyişiklik, kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki-hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslərə gündəlik ödənişin nağd qaydada verilə bilməsini nəzərdə tutur. Qanun layihəsi işə cəlb olunanların uçotunun dürüstləşdirilməsinə və sosial müdafiəsinin təmin olunmasına imkan verəcək. Sənəd səsə qoyularaq təsdiq edilib.

Tahir Mirkişili “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edərkən vurğulayıb ki, sənəd ölkəmizdə və Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan bir sıra konsulluq əməliyyatlarının dövlət rüsumunun azaldılması ilə bağlıdır. Sənəd müzakirələrdən sonra səsə qoyularaq qəbul olunub.

İclasda “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” qanun layihəsi də müzakirə edildi. Sənədi ikinci oxunuşda şərh edən Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, qanun sülhün və bəşəriyyətin təhlükəsizliyinin qorunması, Azərbaycanın milli təhlükəsizliyinin təmin edilməsi, ekoloji təhlükəsizliyin qorunması, o cümlədən ekoloji tarazlığın pozulmasının qarşısının alınması məqsədilə ölkə ərazisində kimyəvi silahların hazırlanması, istehsalı, artırılması, tətbiq edilməsinin qadağan olunmasının, habelə onun məhv edilməsinin hüquqi əsaslarını və qaydalarını müəyyən edir. Sənəd səsə qoyularaq təsdiq edilib.

“Hərbi qulluqçuların statusu haqında”, “İnzibati icraat haqqında”, “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə və İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi barədə (ikinci oxunuş) həm Ziyafət Əsgərov, həm də Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev məlumat verib. Layihənin mahiyyəti barədə məlumat verilərkən qeyd olunub ki, Azərbaycanda elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılmasını təkmilləşdirmək və elmi tədqiqatların səviyyəsini yüksəltmək məqsədilə Azərbaycan Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə “Elmi dərəcələr verilməsi qaydası haqqında” və “Elmi adlar verilməsi qaydası haqqında” əsasnamələr təsdiq edilib. Mövcud layihə həmin Fərmanda nəzərdə tutulmuş məsələlərlə bağlıdır. Sənəd səsə qoyularaq qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Mənzil Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Gənclər siyasəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Reklam haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədi ikinci oxunuşda təqdim edib. Qeyd edilib ki, sənədlərə təklif olunan düzəlişlər “Gənclər siyasəti haqqında” Qanuna dəyişiklik edilməsi barədə” 2019-cu il 5 mart tarixli 1524-VQD nömrəli Qanuna uyğunlaşdırma məqsədi daşıyır. Dəyişikliklər gənclərin mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi və sağlam gəncliyin formalaşdırılması baxımından əhəmiyyətlidir.

Sənədlə əlaqədar fikirlərini bildirən Milli Məclis Sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev bildirib ki, “Bədən tərbiyəsi və idman haqqında” Qanuna “Yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilmir” bəndinin əlavə edilməsi nəzərdə tutulur. Bu dəyişiklikdən əvvəl yetkinlik yaşına çatmayan gənclər idman mərc oyunlarında iştirak edirdilər və buna görə hər hansı məhdudlaşdırıcı norma yox idi. Təbii ki, yetkinlik yaşına çatmayan gəncin mərc oyunlarında iştirak etməsinin onun üçün yarada biləcəyi çətinlikləri o dərk etmir. Mərc oyunlarında iştirak edir, burada o pul uduzur və ya borcu yaranır, sonra bu borcu ödəmək üçün məcbur olub başqa qanunazidd əməllər (oğurluq, soyğunçuluq, quldurluq) törədir. Bu kimi əməllərin nəticəsi sonda o gəncin, bəzi hallarda isə həmin ailələrin faciəsi ilə bitir. Bu dəyişikliklə yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında iştirakı məhdudlaşacaq. Mövcud dəyişikliklə yanaşı, İnzibati Xətalar Məcəlləsinə 401.3-cü maddə əlavə edilir ki, bu yetkinlik yaşına çatmayanın idman mərc oyununda birbaşa və ya dolayı yolla iştirakına şərait yaradan şəxsin cəzalandırılmasını nəzərdə tutur. Belə ki, yetkinlik yaşına çatmayan gəncin idman mərc oyununda iştirak etməsinə şərait yaradacaq şəxs 500 manat məbləğində cərimələnəcək. Adil Əliyev bildirib ki, mövcud layihələr gənclər sahəsində görülən işlərin genişləndirilməsinə, gənclərimizin ölkəmizə, dövlətimizə layiqli vətəndaş kimi yetişdirilməsinə, onların milli mənəvi dəyərlərə bağlı şəkildə tərbiyə edilməsinə, pis vərdişlərdən çəkindirməyə hesablanıb.

Sənəd səsə qoyularaq qəbul edilib.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) sənədi şərh edərək bildirib ki, dəyişiklik zərurəti Azərbaycanın dövlət dilinin tətbiqinə nəzarətin və dil normalarının qorunmasının təmin edilməsi vacibliyindən irəli gəlir. Layihəyə əsasən, adıçəkilən 5 qanunun 8 maddəsinə bir formulada dəyişiklik təklif olunur. Məqsəd Azərbaycan dilinin hüquqi statusunun qorunması, bu dilin işlənməsi və inkişafı üçün zəruri tədbirlərin görülməsidir. Həmçinin televiziya və radioda, KİV-də, internet resurslarında, reklam daşıyıcılarında ədəbi dilin normalarının və leksik-qrammatik qaydalarının pozulması hallarının, əcnəbi söz və ifadələrin işlədilməsinin qarşısını almaqdır. Ətraflı müzakirələrdən sonra qanun layihəsi səsvermə yolu ilə təsdiqlənib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev İnzibati Xətalar Məcəlləsində və 1996-cı il 17 mart tarixli 74-IQ nömrəli Qanunla təsdiq edilmiş “Milli Məclisin Daxili Nizamnaməsi”ndə, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında sənədləri ikinci oxunuşda şərh edib. Komitə sədrinin müavini bildirib ki, bu qanun layihələri “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Prezident Fərmanının icrası ilə əlaqədardır. Sənədlər səsvermə yolu ilə təsdiqlənib.

İclasda Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Layihə səsə qoyularaq təsdiq edilib.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda şərh edib. Bildirilib ki, sənəd ölkə Prezidentinin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olub. Prezident İlham Əliyevin cari il martın 19-da imzaladığı “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamın 10.2-ci bəndinin icrası ilə əlaqədar Nazirlər Kabineti 2020-ci il 4 aprel tarixdə Tədbirlər Planını təsdiqləyib. “Sosial sığorta haqqında” Qanunda aparılan dəyişikliklər bu məsələlərlə əlaqədardır. Qanun layihəsi özündə bir sıra sahibkarlıq subyektlərində, fiziki və hüquqi şəxslər arasında sosial sığorta haqlarının azaldılması və bununla bağlı güzəştləri ehtiva edir. Sənəd səsə qoyularaq təsdiqlənib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı qanun layihəsini də ilk oxunuşda müzakirəyə təqdim etdi. Bildirilib ki, koronavirus pandemiyası dünya iqtisadiyyatına, o cümlədən Azərbaycan iqtisadiyyatına mənfi təsir etməkdədir. Azərbaycan regionda ən böyük iqtisadi dəstək paketi elan edən ölkədir. Dəyişikliyə görə, pandemiyanın bilavasitə təsir etdiyi, sənəddə nəzərdə tutulan fəaliyyət sahələri üzrə vergiödəyicilərinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə, əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştlərinin verilməsi təklif olunur. Sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə fəaliyyəti və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergiödəyicilərinə yuxarıda qeyd edilən əmlak və torpaq vergiləri üzrə güzəştlərlə yanaşı, sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəştin verilməsi nəzərdə tutulur. Pandemiyanın mənfi təsir etdiyi yuxarıda göstərilən iqtisadi fəaliyyət sahələri üzrə bir sıra digər güzəştlərin də verilməsi planlaşdırılır. Belə ki, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsinin 14 faizdən 7 faizə endirilməsi, 1 il müddətinə cari vergi ödəmələrindən və cari vergi ödəmələri ilə bağlı arayışların verilməsindən azad edilməsi, 2019-cu il üçün son verginin ödənilməsi müddətinin 2020-ci il 1 sentyabr tarixinədək uzadılması, mikrosahibkarlıq subyekti olmayan vergiödəyicilərinin əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin cari ilin 1 sentyabr tarixinədək uzadılması, ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının 2020-ci ilin 1 aprel tarixindən 2021-ci ilin 1 yanvar tarixinədək təxirə salınması da bu güzəştlərə daxildir. Mikrosahibkarlıq subyektlərinə sadələşdirilmiş vergi üzrə 50 faiz güzəştin verilməsi, 2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş vergi hesabatının və mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatların verilməsi və hesablanmış verginin büdcəyə ödənilməsinə cari ilin sentyabr ayının 1-dək vergi tətilinin verilməsi nəzərdə tutulur. Qeyd edilib ki, bütün sahibkarlıq subyektlərini əhatə edən vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılması, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin ƏDV-dən müddətli azad edilməsi kimi vergi güzəştlərinin verilməsi də bu güzəştlər sırasındadır. Ətraflı müzakirələrdən sonra sənəd səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Miqrasiya Məcəlləsində və “Turizm haqqında” Qanunda dəyişiklik edilməsi haqqında sənədləri (birinci oxunuş) təqdim etdi. Bildirilib ki, Azərbaycan Prezidenti 2019-cu ilin aprel ayında “ASAN viza” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi ilə bağlı Fərman imzalayıb. Artıq əsasnamədə edilən birdəfəlik və çoxdəfəlik asan vizaların, sürətlənmiş elektron vizanın və hava limanında alınan vizaların verilmə müddəti ilə bağlı dəyişikliklər qüvvədədir. Təklif olunan dəyişikliklər bu məsələlərin qanunlarda da öz əksini tapması məqsədilə edilib. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə Vergi Məcəlləsində, “Qiymətləndirmə fəaliyyəti haqqında” və “İcra məmurları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) sənədi şərh edib. Qeyd olunub ki, bu dəyişiklik 2018-ci il dekabrın 28-də qəbul edilmiş “İcra haqqında” Qanuna uyğunlaşdırma məqsədi daşıyır. Sənəd səsə qoyularaq qəbul edilib.

İclasın sonunda çıxış edən Milli Məclisin Sədri Sahibə Qafarova deyib: “Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən köklü islahatlar ölkəmizin siyasi və ictimai həyatının bütün sahələrini əhatə edib. Bu islahatların əsas məqsədlərindən biri də dövlət hakimiyyəti orqanlarının fəaliyyətini müasir dövrün çağırışları səviyyəsində qurmaqdır. Prezident Administrasiyası və Nazirlər Kabineti ilə yanaşı, Milli Məclis Aparatında da struktur və kadr islahatlarının aparılması zərurəti yaranmışdı. Bununla əlaqədar mən cari il aprelin 2-də sərəncam imzalamışdım. Sərəncama əsasən, Milli Məclis Aparatında və İşlər İdarəsində çalışan dövlət qulluqçuları ştatdankənar elan olunmuş və yeni struktura uyğun ştat cədvəli təsdiq edilənədək onların öz fəaliyyətini əvvəlki ştat cədvəlinə uyğun davam etdirməsi nəzərdə tutulmuşdur. Ötən bir ay müddətində Aparatın və İşlər İdarəsinin hər bir bölməsinin fəaliyyəti, hər bir əməkdaşın işi ətraflı və dərin təhlil edilib. Artıq bu iş başa çatıb.

Mən dünən bir neçə yeni sərəncam imzalamışam. Bu sərəncamlara əsasən Milli Məclis Aparatının və İşlər İdarəsinin yeni strukturu müəyyən edilib, yeni ştat cədvəli təsdiq edilib, dövlət qulluqçularının vəzifələrə təyinatları həyata keçirilmiş, bir sıra dövlət qulluqçuları ixtisar edilib. İnanıram ki, həyata keçirilən bu islahatlar parlamentin işinin daha səmərəli təşkil edilməsinə, qanun yaradıcılığı prosesinin təkmilləşməsinə kömək edəcəkdir”.

Bununla da Milli Məclis bugünkü işini başa çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib