SİYASƏT


Milli Məclisin sədri Sahibə Qafarova Venesuelanın Azərbaycandakı səfiri ilə görüşüb

Bakı, 3 mart, AZƏRTAC

Martın 3-də Milli Məclisin sədri Sahibə Qafarova Venesuela Bolivar Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kristofer A. Martinez Berroteranla görüşüb.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, parlamentin sədri qonağı səmimi salamlayaraq, ölkələrimiz arasında coğrafi məsafənin böyük olmasına baxmayaraq, dostluq münasibətlərimizin inkişaf etdiyini söyləyib. İki ölkə arasında diplomatik münasibətlərin qurulması bu əlaqələrin inkişafı üçün əlverişli şərait yaradıb. Yüksəksəviyyəli səfərlər, aparılan danışıqlar və ölkələrimiz arasında imzalanmış sənədlər tərəflərin əməkdaşlığı genişləndirmək barədə xoş niyyətindən xəbər verir. Siyasi əlaqələrin inkişafı iqtisadiyyatda, sərmayə qoyuluşunda, energetika, nəqliyyat sektorunda, elm, təhsil, ətraf mühitin qorunması kimi sahələrdə əməkdaşlıq üçün mövcud potensialdan istifadə olunmasına şərait yaradır.

Görüşdə sədr deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Venesuelanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi dost münasibəti kimi dəyərləndirilir. Spiker bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı ölkəmiz öz torpaqlarını erməni işğalından azad edərək, ərazi bütövlüyünü bərpa etməyə nail oldu: “İnanırıq ki, ölkəmizin bu qələbəsi bütün dostlarımız kimi, Venesuela xalqını da sevindirib”.

Səmimi qəbul üçün təşəkkür edən Venesuela Bolivar Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kristofer Martinez Berroteran ölkəsinin Cənubi Qafqazın bu bölgəsi ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. O, parlament diplomatiyasının inkişafında Milli Məclisin rolunu yüksək qiymətləndirərək, Azərbaycan parlamentinin fəaliyyəti ilə yaxından maraqlandığını bildirib. Qeyd edilib ki, hər iki ölkə parlamentləri arasında münasibətlərin inkişafı ümumi mənafelərə cavab verər. Bu baxımdan, dostluq qruplarının yaradılması məqsədəmüvafiq sayıla bilər. Qonaq Venesuela parlamentinin fəaliyyəti barədə sədrə ətraflı məlumat verərək, mütəmadi görüşlərin əhəmiyyətini vurğulayıb.

Səfir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini bir daha bəyan edərək, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar noyabrın 10-da imzalanmış üçtərəfli Sazişi diplomatiyanın uğuru kimi dəyərləndirib.

Görüşdə parlamentlərarası əlaqələrin gələcək inkişaf istiqamətləri, COVID-19 pandemiyasına qarşı mübarizə və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.