REGİONLAR
Milli Musiqi Günü münasibətilə Bərdədə təşkil olunan konsert maraqla qarşılanıb
Bərdə, 18 sentyabr, AZƏRTAC
Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon 1 nömrəli Uşaq İncəsənət məktəbində 18 sentyabr - Milli Musiqi Günü münasibətilə konsert proqramı təşkil edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəbin direktor əvəzi Nərgiz Şərifova tədbirdə çıxış edərək, Üzeyir Hacıbəylinin adı ilə bağlı olan əlamətdar gün münasibətilə musiqi ictimaiyyətini təbrik edib, onlara yaradıcılıqlarında yeni uğurlar arzulayıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq, hər il dahi bəstəkarın doğum günü milli musiqi bayramı kimi qeyd edilir.
Tədbirdə digər çıxış edənlər dahi bəstəkarın zəngin həyat və yaradıcılığından bəhs edib, milli Azərbaycan musiqisinin inkişafında Üzeyir Hacıbəyli məktəbinin rolunu xüsusi vurğulayıblar. Bildiriblər ki, bu gün dünyanın məşhur musiqiçiləri Üzeyir musiqisini dinləyir, onu tanıyır və qiymətləndirirlər. Üzeyir Hacıbəylinin adı Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub və o, heç zaman unudulmayacaq.
Tədbir məktəb kollektivi tərəfindən hazırlanmış konsert proqramı ilə davam edib. Təqdim olunan rəngarəng musiqi nümunələri maraqla qarşılanıb.