REGİONLAR
Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Şəkidə humanitar aksiyaya start verib VİDEO
Şəki, 11 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Dünya Görmə Günü münasibətilə oktyabrın 11-də Şəkidə növbəti humanitar aksiyasına başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edəcək aksiyanın məqsədi Şəki sakinlərinin gözlərini operativ şəkildə müayinə-müalicə etmək, onların səhhətləri ilə bağlı problemlərinin həll olunmasına kömək göstərmək, ehtiyac olduğu təqdirdə cərrahi əməliyyat aparmaqdır. Müayinə əsnasında gözündə ciddi problem aşkarlanan və ya çətin əməliyyat tələb olunan pasiyentlərin Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılacaq.
Şəkidə keçirilən aksiya zamanı 400-dən çox vətəndaşın gözünün müayinə olunması və 30-a qədər əməliyyatın icra edilməsi nəzərdə tutulub.
Yüksəkixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərilməsi üçün səyyar klinika Səhiyyə Nazirliyinin dəstəyi ilə ən müasir diaqnostik və cərrahi avadanlıqla təchiz edilib. Səyyar qatarın uzunluğu 25, eni isə 3 metrdir. Qatarda oftalmoloji müayinələr üçün bölmə avadanlıq və oftalmoloq yerindən ibarətdir. Müayinələr üçün foropter, refraktometr, tonometr, işarələr proyektoru, yarıq lampa, lensmetr və digər avadanlıqlar təşkil edilib.
Qeyd edək ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi və gündən-günə artan tədbirlər dövlətimizin başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur. 2005-ci ildən mərkəzin Avtomobil Səyyar Klinikası mütəmadi olaraq respublikanın müxtəlif regionlarında pasiyentlərə xidmət göstərir. Eyni zamanda, 2018-ci ildə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı da fəaliyyətə başlayıb.
Bu humanitar aksiya ölkənin dəmir yolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan-Azərbaycan sərhədi ərazisində fəaliyyət göstərəcək.