CƏMİYYƏT
Milli Onkologiya Mərkəzində onkoloji xidmətin keyfiyyəti hər il artır
Bakı, 15 sentyabr, AZƏRTAC
Bu gün Azərbaycan təbabəti üçün əlamətdar gündür. Ölkəmizdə Amerika Klinik Onkologiya Cəmiyyəti ilə Azərbaycan Milli Onkologiya Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində “Beynəlxalq multidissiplinar xərçəng müalicəsi” mövzusunda beynəlxalq konfrans təşkil olunub. Konfransda ABŞ-dan, Avropadan, Çindən, Koreyadan olan tanınmış mütəxəssislər iştirak edirlər. Onlar müxtəlif mövzularda mühazirələr oxuyacaq, bizim həkimlərlə təcrübə mübadiləsi aparacaqlar.
Bunu Milli Onkologiya Mərkəzinin Baş direktorunun birinci müavini, mərkəzin baş-boyun şişləri şöbəsinin cərrah-onkoloqu, professor Əziz Əliyev kütləvi informasiya vasitələrinə müsahibəsində deyib.
Professor, həmçinin qeyd edib: “Konfransdan bir gün əvvəl qonaqlar Milli Onkologiya Mərkəzini ziyarət edib, Azərbaycanda mövcud onkoloji xidmətin keyfiyyəti ilə maraqlanıblar. Onlar mərkəzin uşaq onkologiyası, şüa terapiyası, kimyaterapiya, reanimasiya və intensiv terapiya şöbələrini gəzib, burada xəstəliklərin yüksəkkeyfiyyətli müalicəsi üçün yaradılmış şəraitlə tanış olublar. Mərkəzin Baş direktoru akademik Cəmil Əliyev qonaqları qəbul edib, onlara Azərbaycanda onkoloji xidmətin inkişaf yolu haqqında məlumat verib. Qonaqlara bildirilib ki, son illər mərkəz onkoloji xəstələrin müalicəsi üçün zəruri olan yeni texnologiyalar istehsal edən dünyanın aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində onkoloji xidmətin keyfiyyəti hər il daha da artır, müasir innovasiyaların tətbiqi genişlənir. Xarici mütəxəssislər Milli Onkologiya Mərkəzində xərçəngdən əziyyət çəkən xəstələrin müalicəsi üçün yaradılan şəraiti yüksək qiymətləndirib, buranın dünyanın ən müasir mərkəzlərindən biri olduğunu bildiriblər. Əldə edilən nailiyyətlər Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin nəticəsidir. Biz Milli Onkologiya Mərkəzində çalışdığımız üçün fəxr edirik”.