SİYASƏT
Milli QHT Forumu 11 aprel prezident seçkilərinin müşahidə edilməsi ilə əlaqədar yekun hesabatını açıqlayıb
Bakı, 26 aprel, AZƏRTAC
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu aprelin 11-də ölkəmizdə keçirilmiş prezident seçkilərinin müşahidə edilməsi ilə əlaqədar yekun hesabatını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib ki, rəhbərlik etdiyi qurumun qərarı əsasında MQF seçki qərargahı yaradılmış, prezident seçkilərinin 118 seçki dairəsinin 1180 məntəqəsində 590 yerli və respublika üzrə 30 müşahidəçi ilə vətəndaş cəmiyyəti institutu olaraq müstəqil müşahidəsi həyata keçirilmişdir. O deyib ki, ölkədə azad, demokratik, şəffaf və ədalətli seçkilərin keçirilməsi üçün hər cür şərait yaradılmışdı. Mərkəzi Seçki Komissiyası tərəfindən seçki prosesini tənzimləyən hüquqi sənədlərin qəbul olunması seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi üçün tam hüquqi təminat yaratmışdı. Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu seçki müşahidə missiyası monitorinq zamanı seçki qanunvericiliyinin və ya seçici hüquqlarının pozulması faktlarına rast gəlməyib. Ölkədə sərbəst toplaşma, seçki kampaniyasının təşkili, mitinqlərin və digər kütləvi tədbirlərin keçirilməsi, söz azadlığı və digər hüquqlar tam təmin olunmuşdu. Görülən bütün işlər seçki prosesində ciddi irəliləyişlərin olduğunu deməyə əsas verir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, Parlament Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının çoxsaylı üzvləri də ayrı-ayrılıqda seçkilərlə bağlı müsbət fikirlərini açıq şəkildə bəyan ediblər. Lakin təəssüflə qeyd edilməlidir ki, bu qurumların adından yayılan hesabatda seçkinin nəticələrinə heç bir təsir etməyən və mənbəyi məlum olmayan bəzi neqativ məqamlar qabardılıb, bu və ya digər xarakterli texniki problemlərin olduğu bildirilib. Bununla da çoxminlik müşahidəçinin, həm də öz nümayəndələrinin fikirlərindən kəskin fərqlənən mövqe nümayiş etdirilib. Bu hesabat özündə çoxsaylı daxili ziddiyyətlərlə diqqəti cəlb edir. Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu bəyan edir ki, aprelin 11-də keçirilən prezident seçkiləri baş tutub və seçkilərin nəticələri xalqın iradəsini tam əks etdirir.