CƏMİYYƏT
Milli Qəhrəman: Dərs dediyim gənclər 44 günlük Vətən müharibəsində tarix yazdılar
Bakı, 17 oktyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü böyük əks-səda doğurub. Cəbrayıllılar rayonun işğaldan azad olunmasının ildönümü gününə təsadüf edən görüşdən zəngin təəssüratlarla ayrılıblar.
Həmin görüşdə iştirak edən Cəbrayıl rayon sakini, Milli Qəhrəman Vahid Quliyev səfər və dövlətimizin başçısı ilə görüşlə bağlı təəssüratlarını AZƏRTAC-la bölüşüb.
“Vətənə, doğma Cəbrayıla səfərə gedəcəyimizi eşidəndə çox təsirləndim. Səhhətimdə bir az problem vardı, amma bu xəbəri eşidəndə sanki bütün ağrılarım azaldı, çox yüngülləşdim.
Yolboyu qalib xalqın nümayəndəsi kimi qürur hissi keçirirdim. 30 ilə yaxın həsrət qaldığımız, burnumuzun ucu göynədiyi torpağa qovuşmaqdan gözəl heç nə ola bilməzdi. Fikirləşirdim ki, görəsən, kəndlərimizdə, qəsəbələrimizdə, Cəbrayıl şəhərində indi vəziyyət necədir, nəsə qalıbmı?
Biz yola çıxan günü hava soyuq idi, çiskinləyirdi. Amma ürəyimizdə bir yaz havası vardı... Mərcanlıdan üzü Cəbrayıla doğru irəlilədikcə insan halbahal olurdu. Vaxtilə barlı, bərəkətli torpaqlar, abad evlər indi xaraba, kimsəsiz qalıb. Yolboyu dağıdılan, viran qalan evləri, üzüm bağlarını görəndə ürəyim sıxıldı. Bir vaxtlar abad yerləri viranə qalmış görəndə düşmənə nifrət hissin daha da artır. Amma burada sürətlə aparılan nəhəng işlər adamın ürəyini açır. Görülən işlər insanda gələcəyə ümid və inam yaradır. Yolların, infrastruktur obyektlərinin tikilməsini görəndə qürurlanırsan, sevinirsən. Əminik ki, dövlətimizin diqqət və qayğısı ilə torpaqlarımızda həyat yenidən canlanacaq, biz hər şeyi yenidən qurub yaradacağıq. Çünki biz dağıdıcı yox, qurucu xalqıq”.
Cəbrayıl rayonunun rəmzlərindən biri olan Xan çinarı sındırılmış, məhv edilmiş görəndə çox pis olduğunu deyən Vahid Quliyev bildirib ki, vaxtilə bu çinarın altında sərinlənmək, oradakı kəhrizin buz kimi suyundan dadmaq əsl can dərmanı idi. “Həqiqət tarixin köksündə yatdığı kimi, möhkəm ağacın da kökləri torpağın qəlbində yatır. Xan çinarımız yenidən pöhrələyib. Pöhrələyib ki, yenidən boy atsın, ucalsın, əvvəlkindən də yaxşı olsun”, - deyən Milli Qəhrəman 2020-ci ildə qazandığımız Zəfərlə ərazi bütövlüyümüzün bərpa olunduğunu xatırlayıb. O deyib: “Biz Cəbrayılımıza qovuşduq. Birinci Qarabağ müharibəsinin iştirakçısı, Milli Qəhrəman kimi çox qürurlandım. İkinci Qarabağ müharibəsində yaşımla əlaqədar iştirak edə bilmədim. Amma mənim hərb sahəsi üzrə Bakı Dövlət Universitetində, Ali Hərbi Məktəbdə, Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində dərs dediyim gənclər 44 günlük Vətən müharibəsində tarix yazdılar. Onlar düşmənin başına od ələdilər. Düşünürəm ki, bu Qələbəmizdə kiçik də olsa, mənim də payım var”.
Prezident İlham Əliyevin cəbrayıllılarla görüşünün çox səmimi keçdiyini qeyd edən V.Quliyev bildirib ki, Prezidentlə görüşəndə 1994-cü il oktyabrın 9-da 10-dan çox zirehli texnikanı məhv etdiyim üçün Ulu Öndərin Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldüyünü deyib. Dövlətimizin başçısı ilə çox səmimi söhbət etdiyini vurğulayan V.Quliyev deyib: “Dövlətimizin başçısının qürurla, əminliklə verdiyi söz hər birimizdə böyük ruh yüksəkliyi yaradır və gələcəyə stimul verir. İşğaldan azad edilmiş ərazilərdə aparılan tikinti və bərpa quruculuq işlərindən danışan dövlətimizin başçısı Cəbrayılın daha gözəl qurulacağını bildirdi. Nə yaxşı ki, Azərbaycanın İlham Əliyev kimi Lideri var. Nə yaxşı ki, Azərbaycan xalqının öz Vətənini, xalqını sevən, yüksək intellektə, dəmir iradəyə malik Prezidenti var.
Bəzi qüvvələr ölkəmizin rəhbərinə müharibənin dayandırılması ilə bağlı nə qədər təzyiq göstərməyə çalışsa da, Prezidentimiz öz qətiyyəti, dəmir siyasi iradəsi ilə bütün təzyiqlərə sinə gərdi. Bu günləri görməyi bizə nəsib etdiyi üçün Müzəffər Ali Baş Komandanımıza, Ordumuza, şəhidlərimizə minnətdarıq. Allah onlara rəhmət eləsin, yaralılarımıza şəfa versin.
İnanırıq ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmiz daha da güclənəcək. Azərbaycanın gələcəyi çox parlaq olacaq. Buna hamımız inanırıq. Azərbaycanı işıqlı gələcəyə aparan dövlətimizin başçısı İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Nə qədər ki, Prezident İlham Əliyev Azərbaycanın rəhbəridir ölkəmizə heç bir kənar qüvvə müdaxilə edə bilməyəcək. Azərbaycanın öz yolu var və o, bu yolla işıqlı sabaha doğru irəliləyir. Yaşasın, Azərbaycan xalqı və onun qalib Sərkərdəsi Prezident İlham Əliyev! Tanrı dövlətimizi qorusun”.