REGİONLAR
Milli Qəhrəman Namiq Abdullayevin şəhidlik zirvəsinə ucalmasından 27 il ötür
Ağcabədi, 13 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayanda, qəhrəman oğullarımız silaha sarılaraq Vətənin müdafiəsinə qalxdı. Respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda xalqımızın qeyrətli, mübariz oğulları “Vətən sağ olsun” deyib canlarından keçdilər. Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan vətənpərvər oğullarımızdan biri də Milli Qəhrəman Namiq Vahid oğlu Abdullayevdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidliyi ilə ölümsüzlüyə qovuşan Milli Qəhrəman Namiq Abdullayev 1974-cü il mayın 10-da Ağcabədi rayonunun Avşar kəndində anadan olub. 1992-ci ilin dekabrında cəbhəyə yollanaraq, Vətənimizin müdafiəsində iştirak edib. 1993-cü il fevralın 9-da Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə ermənilərin hərbi texnikasını və xeyli canlı qüvvəsini məhv edərək, qəhrəmancasına həlak olub. Fevral ayının 13-də Avşar kənd qəbiristanlığında dəfn edilib. Prezidentin 1994-cü il 16 sentyabr tarixli Fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Vaxtilə təhsil aldığı Avşar kənd orta məktəbi hazırda qəhrəmanın adını daşıyır.
Milli Qəhrəmanın anım günü münasibətilə ailə üzvləri kənd qəbiristanlığına gedərək onun məzarı üzərinə tər qərənfillər qoyub, ruhuna dualar oxuyublar. İgid döyüşçünün adını daşıyan Avşar kənd tam orta məktəbindəki büstü də ziyarət edilib.