ORDU
Milli Qəhrəman Şükür Həmidovun xatirəsi anılıb VİDEO
Bakı, 1 aprel, AZƏRTAC
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Azərbaycan Respublikasının Milli Qəhrəmanı polkovnik Şükür Həmidovun anım mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Qəhrəman haqqında ətraflı məlumat verilib, Ş.Həmidov kimi qəhrəmanların xalqımızın qürur mənbəyi olduğu qeyd olunub.
Polkovnik Ş.Həmidovun atası Nəriman Həmidov çıxış edərək oğlu ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. O, övladının xatirəsini əziz tutduqlarına görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.
Sonda qəhrəmana həsr olunmuş qısametrajlı film nümayiş olunub.