REGİONLAR


Milli Qəhrəman şəhid Namiq Abdullayevin xatirəsi yad edilib VİDEO

Ağcabədi, 12 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn Milli Qəhrəman Namiq Abdullayevin doğum günü uyuduğu Ağcabədi rayon Avşar kənd qəbiristanlığında məzarı yanında anılıb. Yaşasaydı Namiqin 47 yaşı olacaqdı...

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidliyi ilə ölümsüzlüyə qovuşan Milli Qəhrəman Namiq Abdullayev 1974-cü il mayın 10-da Ağcabədi rayonunun Avşar kəndində anadan olub. 1992-ci ilin dekabrında cəbhəyə yollanaraq, Vətənimizin müdafiəsində iştirak edib. 1993-cü il fevralın 9-da Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə onlarla erməni quldurunu məhv edən Namiq son anda əlindəki qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atıb. Düşmənin zirehli texnikasını heyəti ilə birlikdə məhv edərək, özü də əbədiyyətə qovuşub. Fevral ayının 13-də Avşar kənd qəbiristanlığında dəfn edilib. Prezidentin 1994-cü il 16 sentyabr tarixli Fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Vaxtilə təhsil aldığı Avşar kənd orta məktəbi hazırda qəhrəmanın adını daşıyır.

Milli Qəhrəmanın anım günü münasibətilə ailə üzvləri kənd qəbiristanlığına gedərək onun məzarı üzərinə tər qərənfillər qoyub, ruhuna dualar oxuyublar.

Milli Qəhrəmanın anası Gözəl Abdullayeva müxbirimizlə söhbətində oğlu Namiqin vətənpərvərliyindən danışıb, onunla qürur duyduğunu bildirib: "Namiq çox vətənpərvər, cəsur, qorxmaz oğlan idi. Orta məktəbi bitirən kimi cəbhəyə getmək istədiyini bildirdi. Atası, da, özü də getdilər, vuruşdular. Namiq Vətən uğrunda şəhid olub. Buna görə pis olmuram, əksinə, belə oğul yetişdirdiyim üçün fəxr edirəm. Allah şəhidlərin hamısına rəhmət eləsin, analarına səbir versin".

Şəhid anası bu gün mənəvi rahatlıq tapıb. Sevinir ki, torpaqlarımız işğaldan azad edilib, düşməndən qisas alınıb: "Düşmənə qalib gəldik. Torpaqlarımız azad oldu. Çox fərəhləndim, sevindim. Dediyim qurbanı kəsdim. Allah Prezidentimizin canın sağ eləsin, əsgərlərimizi qorusun, şəhidlərimizin ruhu şad olsun".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.