MƏDƏNİYYƏT
Milli Qurtuluş Günü ilə əlaqədar Səbail rayonunda möhtəşəm bayram konserti keçirilib
Bakı, 9 iyun, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdışı Azərbaycan xalqı üçün həqiqi qurtuluş olub. Bu tarixi qayıdış Azərbaycanda Milli Qurtuluş Günü hər il qeyd edilir.
15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Badamdar qəsəbəsində möhtəşəm bayram konserti keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, dünya və Azərbaycan bəstəkarlarının klassik musiqisindən ibarət bayram tədbirində rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov, rayonun hüquq-mühafizə orqanlarının elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin, təsərrüfat və xidmət sahələri kollektivləri, veteran və gənclər təşkilatının, din xadimləri, rayon ictimaiyyətinin nümayəndələri, KİV nümayəndələri və qəsəbə sakinləri iştirak ediblər.
Badamdar qəsəbəsindəki Heydər Əliyev parkında keçirilən tədbirdə qeyd olunub ki, 1993-cü ildə yenicə müstəqilliyini qazanmış respublikamız dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə durduğu bir vaxtda ulu öndər Heydər Əliyevin səyləri, bacarığı, təcrübəsi sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxıb. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirib, inamımızı özümüzə qaytarıb, sabitlik və əmin-amanlıq yaradıb və bununla da 15 İyun - tariximizə Milli Qurtuluş Günü kimi daxil olub.
Çox böyük bir xoşbəxtlikdir ki, bu gün ölkəmizə Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev rəhbərlik edir.
Bayram tədbirində respublikanın Xalq Artisti Teymur Göyçayevin rəhbəri və baş dirijoru olduğu Qara Qarayev adına Dövlət Kamera Orkestrinin müşayiəti ilə Prezident təqaüdçüsü Murad İbrahimov, Beynəlxalq müsabiqələr laureatı Nigar Cəlilova və Orxan Cəlilovun ifasında tanınmış dünya və Azərbaycan klassik bəstəkarlarının əsərləri, xalq mahnıları səslənib, konsert iştirakçılarının çıxışları sakinlərin alqışları ilə qarşılanıb.
Bayram konsertinin sonunda əzəmətli atəşfəşanlıq keçirilib.