İQTİSADİYYAT
“Milli Standartlaşdırma Fəaliyyətində Beynəlxalq Təcrübə” mövzusunda seminar keçirilib
Bakı, 21 iyun, AZƏRTAC
Avropa İttifaqının dəstəyi ilə reallaşdırılan “Azərbaycan Standartlaşdırma İnstitutuna dəstək” Tvinninq layihəsi çərçivəsində Alman Standartlar İnstitutu tərəfindən “Milli Standartlaşdırma Fəaliyyətində Beynəlxalq Təcrübə” seminarı təşkil olunub. Tədbirdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Azərbaycan Standartlaşdırma İnstitutu, standartlaşdırma üzrə texniki komitələrin nümayəndələri və xarici ekspertlər iştirak ediblər.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Standartlaşdırma İnstitutu”nun baş direktoru vəzifəsini icra edən İlham Bayramov standartlaşdırmanın keyfiyyət infrastrukturunun əsasını təşkil etdiyini vurğulayaraq, bu sahənin inkişafında texniki komitələrin rolunu qeyd edib, kadr potensialının gücləndirilməsi baxımından “Azərbaycan Standartllaşdırma İnstitutuna dəstək” Tvinninq layihəsinin əhəmiyyətini diqqətə çatdırıb. Seminarda xarici ekspertlər tərəfindən standartlaşdırma vasitəsilə ticarətin stimullaşdırılması, milli standartlaşdırma fəaliyyətində beynəlxalq təcrübənin tətbiqi, maraqlı tərəflərin texniki komitələrə cəlb edilməsi və digər mövzularda təqdimatlar edilib, müzakirələr aparılıb.