ELM VƏ TƏHSİL
Milli dəyərlər tədqiq və təbliğ olunur
Bakı, 20 iyun, Xatirə Cəfərova, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində iyunun 20-də “Muzey, arxiv və kitabxanalarda mühafizə edilən milli dəyərlərin tədqiqi, təbliği, qorunması və bərpası” mövzusunda birinci respublika elmi konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, iki tematik bölmədən ibarət olan konfransda 50-dən artıq məruzə dinlənilib.
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı konfransın tarix elminin inkişafındakı əhəmiyyətindən danışıb. Akademik konfrans iştirakçılarına elmi işlərində uğurlar arzulayıb.
Plenar iclasda tarix elmləri doktoru Nərgiz Əliyeva “Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunan kitab və dövri mətbuat xəzinəsi”, tarix elmləri doktoru Zemfıra Hacıyeva “Azərbaycanda Elmi İrsin Toplanması və Sistemləşdirilməsi Mərkəzinin Azərbaycan elminə töhfəsi”, kənd təsərrüfatı elmləri doktoru Rəna Mirzəzadə “Böyüməkdə olan nəsildə və gənclərdə vətənpərvərlik və tarixi yaddaşın formalaşmasında Torpaq muzeyinin rolu”, filologiya üzrə elmlər doktoru Xatirə Bəşirli “Müasir cəmiyyətin muzeyləri: yeni çağırışlar” mövzusunda məruzələrlə çıxış ediblər.
Konfransın ikinci bölməsində də məruzələr dinlənilib və diskussiyalar aparılıb. Məruzələrdə Azərbaycan tarixi üçün aktual olan problemlərə toxunulub, gələcək nəsillərin yetişməsində muzeylərin əhəmiyyəti göstərilib.
Sonra məruzələr ətrafında müzakirələr aparılıb.