REGİONLAR
Milli-mənəvi dəyərlərimizin qorunmasında və təbliğində gənclər fəallıq nümayiş etdirməlidirlər
Lənkəran, 5 fevral, Bağır Əliyev, AZƏRTAC
Lənkəran rayonunun Şağlaser kəndində Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Lənkəran rayonunun Şağlaser kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları, Şağlaser kənd məscidi dini icmasının sədri, təhsil işçiləri, tələbələr, ziyalılar və gənclər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edənlər ölkəmizdə dövlətin gənclərə yüksək diqqət və qayğısından, mənəvi dəyərlərimizin təbliği sahəsində görülmüş işlərdən, həyata keçirilən tədbirlərdən danışıblar.
Çıxışlarda qeyd olunub ki, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasında gənclərin üzərinə mühüm vəzifələr düşür. Onlar bu işdə fəallıq nümayiş etdirməlidirlər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.