CƏMİYYƏT
Milli mətbuatın yaranmasının ildönümü Səbail rayonunda da qeyd edilib
Bakı, 22 iyul, AZƏRTAC
Səbail Rayon İcra Hakimiyyətinin və YAP Səbail rayon təşkilatının təşəbbüsü ilə 22 iyul - Milli Mətbuat Günü ilə əlaqədar qəzet və elektron informasiya vasitələrinin bir qrup nümayəndəsi ilə görüş keçirilib.
Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Azərbaycan milli mətbuatın tarixindən, jurnalistikanın inkişafı və mövcud problemlərdən danışıb. Qeyd edilib ki, bu gün Azərbaycanda mövcud olan iqtisadi inkişaf və əmin-amanlığa görə Prezident İlham Əliyevə minnətdar olmalıyıq. Onun böyük və müdrik siyasəti nəticəsində dünyada baş verən iqtisadi-siyasi böhranlara baxmayaraq, Azərbaycanda stabillik qorunub saxlanılır. Bu gün ölkədə sabitliyin, əmin-amanlığın, tərəqqinin başında ulu öndər Heydər Əliyev siyasətini layiqincə davam etdirən Prezidentimiz durur. Azərbaycan dünyanın ictimai-siyasi sistemində öz yerini tutub, hərtərəfli inkişaf edir, dünyada analoqu olmayan iqtisadi göstəricilərə nail olub.
Tədbirdə çıxış edən “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, YAP Səbail Rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev hazırda kütləvi informasiya vasitələri nümayəndələrinin qarşısında duran ən mühüm vəzifələrə diqqət çəkiblər.
Görüşdə çıxış edən jurnalistlər ölkədə KİV-lər və mətbuat işçilərinə yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.