REGİONLAR
Mingəçevir Dövlət Universitetində payız semestrinin imtahan sessiyası uğurla davam edir
Bakı, 29 yanvar, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinin payız semestrinin yanvarın 5-dən başlayan imtahan sessiyası uğurla davam edir. MDU-da bütün imtahanlar əyani formada şifahi şəkildə təşkil olunub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, 24-29 yanvar tarixlərini əhatə edən növbəti imtahan günlərində bakalavriat səviyyəsində 151 qrup üzrə 2790 tələbə, ümumilikdə, 198 imtahanda iştirak edib. Müvəffəqiyyət göstəricisi 99,4 faiz olub. Tələbələr tərəfindən Apellyasiya Komissiyasına müraciət daxil olmayıb.
Magistratura səviyyəsində 23 qrup üzrə, ümumilikdə, 24 imtahan keçirilib. Magistrantların müvəffəqiyyət göstəricisi 100 faiz olub.
Azərbaycan Respublikasının təhsil nazirinin müvafiq əmrinin tələbləri çərçivəsində təşkil olunan sessiya ərzində İmtahan Qərargahının, “Qaynar xətt”in və Apellyasiya Komissiyasının fəaliyyəti təmin olunub. Müəllimlərdən ibarət “İmtahanlara dəstək qrupu” imtahan prosesinin səmərəli təşkilində mühüm rol oynayır. Valideynlərin və ictimaiyyət nümayəndələrinin imtahan sessiyasında iştirakı təmin edilib. Hər həftənin cümə axşamı keçirilən “Açıq qapı” günündə tələbələri və valideynləri maraqlandıran suallar universitet rektoru tərəfindən cavablandırılır.
Universitetdə payız semestrinin imtahan sessiyası fevralın 2-dək davam edəcək.