REGİONLAR
Mingəçevir Dövlət Universitetinin “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək
Bakı, 16 fevral, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı ilə reallaşdırılan “Peşəkarla görüş” layihəsinin növbəti tədbiri keçiriləcək. Budəfəki görüşün qonağı Milli Məclisin deputatı, İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov olacaq.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, “Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan ali təhsil müəssisələrinin rolu" mövzusunda olacaq görüş “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil ediləcək.
Fevralın 18-də saat 15:00-da keçiriləcək görüşdə iştirak etmək istəyənlər [email protected] elektron poçt ünvanına müraciət göndərə bilərlər.
Qeyd edək ki, “Peşəkarla görüş” layihəsinin əsas məqsədi MDU kollektivinin müxtəlif aktual mövzular barədə peşəkarların bilik və bacarıqlarından faydalanması üçün imkanların yaradılmasından ibarətdir. Davamlı olaraq keçirilən görüşlərdə MDU-nun tələbələri, magistrantları, məzunları və gənc əməkdaşları iştirak edirlər. Layihə çərçivəsində indiyədək BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Mili Məclisin Elm və təhsil komitəsinin sədri, professor Bəxtiyar Əliyev, Azərbaycan Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov və Vətən Müharibəsi Qəhrəmanı mayor Elnur Şirinov ilə görüş təşkil olunub.