REGİONLAR
Mingəçevir müəllimləri peşə bayramlarını qeyd ediblər
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzüblər.
Sonra onlar məktəblilərin əl işlərindən ibarət sərgiyə, texniki yaradıcılıq nümunələrinə, təhsil, idman və ədəbiyyat sahəsində qazanılan uğurlardan bəhs edən sənədlərə baxıblar. Mingəçevir təhsilinin uğurlarından bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə bildirilib ki, hazırda şəhər məktəblərində təhsil alan 12635 şagirdin təlim-tərbiyəsi ilə 1689 müəllim məşğul olur. Qeyd edilib ki, tədris prosesində əsas diqqət yeni təlim texnologiyalarının və təlim üsullarının tətbiqinə, fənn kurikulumlarının tələblərinə uyğun müəllim kadrlarının hazırlanmasına, şagirdlərin fiziki və intellektual inkişafına, sağlam həyat tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün formalaşmasına yönəldilir.
Diqqətə çatdırılıb ki, bu il 438 nəfər mingəçevirli məzun tələbə adını qazanıb. Onlardan 77-si 500-dən yuxarı bal toplayıb.
Tədbirdə müəllim əməyinə verilən yüksək qiymətdən dəsöz açılıb. Bildirilib ki, şəhər 19 nömrəli tam orta məktəbinin müəllimi Könül Mustafayeva Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.
Qeyd edilib ki, Prezident İlham Əliyevin qayğısı ilə Mingəçevirdə də məktəblərin maddi-texniki bazası möhkəmləndirilir, təhsil ocaqları əsaslı şəkildə yenidən qurulur. Şəhər 10 nömrəli orta məktəbinin binasında aparılan əsaslı təmir işləri başa çatdırılıb. Bu təhsil ocağı müasir avadanlıqla təmin olunub. Hazırda şəhərdəki 4 nömrəli məktəbdə isə yenidənqurma işləri davam etdirilir. Həmçinin bu günlərdə daha 3 təhsil ocağının təmirinə başlanılıb.
Tədbirin sonunda bir qrup qabaqcıl müəllimə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Müəllimlər çıxış edərək bu diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Bayram tədbirində bilik yarışı keçirilib, rəqs nömrələri nümayiş etdirilib, şən mahnılar ifa olunub, şeir söylənilib.