CƏMİYYƏT
Mingəçevirdə antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkar edilib
Bakı, 5 noyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin 1003 - Çağrı Mərkəzinə vətəndaşlar tərəfindən daxil olmuş müraciətlər mütəmadi olaraq təhlil edilərək araşdırılır və həmin məlumatlar əsasında istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir. Daxil olan məlumat əsasında agentliyin əməkdaşları Mingəçevir şəhərində Aydın Məmmədov küçəsi 91/A ünvanında fiziki şəxs Əliyev Elşan Şirin oğluna məxsus çörək istehsalı müəssisəsinə baxış keçiriblər.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ikin baxış zamanı antisanitar şəraitdə, qanunsuz fəaliyyət göstərən çörək sexində istehsal olunan çörək nümunələrinin normativ texniki sənədlərin tələblərinə cavab vermədiyi, sanitariya norma və qaydaların, gigiyena normativlərinin pozulduğu, emal sahəsində istifadə edilən xammalın mənşəyinin məlum olmadığı, eləcə də temperatur rejimi gözlənilmədən saxlanıldığı, hazır məhsulların laborator müayinələrdən keçirilmədiyi və dezinfeksiya işlərinin aparılmadığı aşkarlanıb.
Müəssisədə unun ələnmədən birbaşa xəmir qarışdırıcıya töküldüyü, çörəklərin açıq havada rəflərə yığılaraq soyudulduğu müəyyən edilib.
Aşkarlanan nöqsanlarla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.