CƏMİYYƏT
Mingəçevirdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan altı nəfər məsuliyyətə cəlb edilib VİDEO
Bakı, 13 avqust, AZƏRTAC
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan altı nəfər tutularaq məsuliyyətə cəlb olunub, onlardan müxtəlif növ narkotik vasitələr aşkar edilərək dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı şəhər sakini, əvvəllər də məhkum olunmuş Rəhim Rəhimov saxlanılıb. Onun üzərindən heroin, yaşadığı ünvandan isə satış məqsədilə saxladığı külli miqdarda heroin, eləcə də psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində həmin narkotik vasitəni sosial şəbəkədə tanış olduğu xarici narkotacirdən onlayn yolla aldığını bildirib.
Keçirilən növbəti əməliyyatlar nəticəsində isə daha beş nəfər – əvvəllər də eyni əmələ görə məhkum olunmuş Pərvin Abbasov, Tural Mahmudov, Allahverdi Həmidov, Elxan Hacıyev və Elton Kərimov saxlanılıb. Şəxsi axtarış zamanı onlardan müxtəlif növ güclü təsiredici narkotik vasitələr götürülüb.
Faktlarla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işləri başlanılıb, istintaq aparılır. Şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.