REGİONLAR
Mingəçevirdə təhsil alan tələbələr turizm bələdçiliyi sahəsində biliklərə yiyələnirlər
Mingəçevir, 27 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan “Regionu gənc bələdçilərlə tanıyaq!” layihəsi çərçivəsində təlimlər keçirilir.
AZƏRTAC xəbər verir ki, “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində növbəti təlimlər Mingəçevirdəki Gənclər evində təşkil edilib. Təlimlərdə şəhərdə fəaliyyət göstərən universitet və kollecin tələbələri iştirak ediblər. Məqsəd iştirakçılara turizm bələdçiliyi sahəsində nəzəri və təcrübi biliklər verməkdir.
Layihənin növbəti mərhələsində təlimlərdə fəal iştirak edən gənclər xarici dil kurslarına cəlb olunacaqlar. Eyni zamanda, tələbələrin iştirakı ilə bir sıra mədəniyyət və turizm ocaqlarına infoturların və təcrübə proqramlarının təşkili nəzərdə tutulub.
Üç ay davam edəcək layihəni uğurla başa vuran gənclərə diplomlar veriləcək.