REGİONLAR
Mingəçevirdə yeniyetmələrin davranış mədəniyyəti ilə bağlı tədbir keçirilib
Mingəçevir, 16 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC
“Milli Mədəniyyətin Təbliği” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Yeniyetmələrin təlim tərbiyəsində milli dəyərlərə söykənən davranış və geyim mədəniyyətinin yüksəldilməsi istiqamətində təbliğat və təşviqatın aparılması” layihəsini uğurla icra edir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində növbəti maarifləndirici tədbir Mingəçevir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzində təşkil olunub.
İctimai Birliyin sədri Jalə Cəfərova bildirib ki, layihənin əsas məqsədi müasir gənclərimizdə milli dəyərlərə söykənən gözəl geyim zövqünü formalaşdırmaqdır. Geyim milli kimliyin, insanın daxili aləminin göstəricisidir. Müasir gənclərimiz dəbə uyğunlaşdıqca milli geyim tərzimizdən uzaqlaşırlar.
Digər çıxışlarda da mövzunun aktuallığı qeyd edilib, belə layihələrin davamlı olaraq həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Tədbirdə “Geyim və müasirlik” adlı videoçarx nümayiş olunub və mövzu ətrafında müzakirələr aparılıb.