CƏMİYYƏT


Minimal invaziv ürək əməliyyatının üstünlükləri

Bakı, 13 iyul, AZƏRTAC

Kiçik kəsiklə icra olunan açıq ürək əməliyyatları indi çox geniş yayılıb. Dünyada geniş tətbiq edilən mini invaziv ürək əməliyyatlarının ölkəmizdə də aparılması çox müsbət haldır.

AZƏRTAC xəbər verir ki, həmin əməliyyatın bəzi xüsusiyyətləri barədə ürək-damar cərrahı, tibb üzrə fəlsəfə doktoru Natiq Mirzəyev Respublika Müalicəvi Diaqnostika Mərkəzinin mətbuat xidmətinə verdiyi müsahibədə deyib: “Ümumiyyətlə, ürək-damar cərrahiyyəsinin inkişafını iki faktor müəyyən edir: süni qan dövranı və döş sümüyünün ortadan tam kəsilməsi. Lakin hər iki üsulun mənfi cəhətləri vardır. Ona görə də son illərdə ürək-damar cərrahları onların hər ikisindən mümkün qədər qaçmağa çalışırlar. Lakin bu, heç də həmişə mümkün olmur. Koronar damar cərrahiyyəsində süni qan dövranından imtina etmək mümkündürsə, qapaq cərrahiyyəsində yalnız kəsiyi kiçiltməklə minimal invazivliyi təmin etmək olar. Onu mitral qapaq üçün qabırğa arasından, aorta qapaq üçün isə döş sümüyünün hissəvi kəsiyi ilə aparmaq mümkündür.

Kiçik kəsiklə ürək əməliyyatı zamanı toxumaya daha az zədə dəydiyinə görə ağrı da azalmış olur. Beləliklə, xəstə daha tez aktivləşir, tənəffüs hərəkətlərini daha rahat yerinə yetirir və ən əsası elə ilk gündən yatarkən sağa-sola dönə bilir. Kəsik kiçik olduqda qan itkisi də az olur və qan köçürülmə ehtimalı və antibiotiklərdən istifadəsi azalır. Həmin əməliyyat estetik baxımdan daha üstündür. Onun gətirdiyi psixoloji rahatlığı və xəstə məmnunluğunu da xüsusi qeyd etmək lazımdır.

Xəstədə yanaşı ürək damarında darlıq və ya əsas damar olan aortada ciddi xəstəlik varsa, ürəyin gücü çox aşağıdırsa, xəstə artıq çəkidən əziyyət çəkirsə, eləcə də döş qəfəsində ciddi xəstəlik keçirmişdirsə (mitral qapaq xəstəliyi üçün qabırğaarası giriş zamanı), xəstə üzərində həmin əməliyyatın aparılması riskli ola bilər. Ürəyin hər dörd qapağını həmin üsulla əməliyyat etmək olar, lakin daha çox qüsur mitral və aorta qapaqda rast gəlinir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.