REGİONLAR
Minlərlə sumqayıtlı izdihamlı “Bayraq yürüşü”nə qatılıb FOTOREPORTAJ
Sumqayıt, 8 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə “Bayraq yürüşü” keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhərin Heydər Əliyev Mərkəzinin önündə toplaşan minlərlə şəhər sakini və hərbçilər Dənizkənarı Bulvarda yerləşən Dövlət Bayrağı Muzeyi istiqamətində izdihamlı yürüşə qatılıb. Bayraq Meydanında hərbi orkestr marş ifa edib. Səmaya bayrağımızın rənglərinə boyanmış yüzlərlə şar buraxılıb.
Tədbir Kimyaçı Mədəniyyət Evində davam edib. Əvvəlcə meydanda şəhər musiqi məktəblərinin müəllimlərinin birləşmiş xor kollektivinin ifasında Vətəni, bayrağı tərənnüm edən mahnılar səslənib, milli rəqslər nümayiş olunub.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq–mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri Mədəniyyət Evinin foyesində təşkil edilən rəsm sərgisi ilə tanış olublar.
Tədbir respublikanın tanınmış incəsənət ustalarının ifasında bayram konserti ilə başa çatıb.
AZƏRTAC fotoqraf Xəqani Əzizovun “Bayraq yürüşü”ndən çəkdiyi fotoları təqdim edir.