DÜNYA
Minneapolis şəhərində polis tərəfindən vətəndaş hüquqlarının pozulması faktları təhqiq edilir
Vaşinqton, 3 iyun, AZƏRTAC
Minnesota ştatının insan haqları departamenti Minneapolis şəhərində polis departamentinin əməkdaşlarının hərəkətləri barədə təhqiqat aparmağa başlayacaq. Ştatın qubernatoru Tim Uolz bildirib ki, polisin qanunsuz hərəkətləri Corc Floydun ölümünə səbəb olub.
AZƏRTAC xəbər verir ki, insan haqları departamenti Floydun qətlə yetirilməsi və Minneapolis şəhər polisinin keçmiş əməkdaşı Derek Şovenin həbs edilməsi ilə bağlı vətəndaş hüquqlarının pozulması barədə ittiham iddiası təqdim edəndən sonra təhqiqat başlanıb. Bir neçə gün bundan əvvəl Şoven Floydu həbs edərkən təqribən 9 dəqiqə onun sinəsi üstündə oturaraq, sol dizi ilə onun boynunu sıxıb, nəticədə Floyd ölüb.
Qubernatorun bəyanatında deyilir: “Son 10 ildə polis departamentinin tətbiq etdiyi metod, prosedur və praktika təhqiq ediləcək və beləliklə, departamentin qaradərili vətəndaşlar barəsində ayrı-seçkilik praktikası tətbiq edib-etmədiyi aydınlaşdırılacaq”.
Təhqiqata insan haqları üzrə komissar Rebekka Lusero rəhbərlik edəcək. Polis departamentinin rəhbərliyi proses zamanı aşkar edilmiş vətəndaş hüquqlarının pozulması hallarının aradan qaldırılması üçün dərhal tədbir görüləcəyini vəd ediblər. Floydun ailəsinin vəkilləri tərəfindən müstəqil autopsiyanın nəticələri barədə bazar ertəsi dərc edilmiş hesabata görə, Floydun ölümünə səbəb “daimi təzyiq nəticəsində boğulma” olub. Vəkillər onu da bəyan ediblər ki, bu hadisədən əvvəl Floydun ölümünə səbəb ola biləcək heç bir xəstəliyi olmayıb.
Floydun ailəsi Derek Şoven və hadisə yerində olmuş digər polis zabitləri barəsində birinci dərəcəli qətl törətməkdə ittiham təqdim olunmasını tələb edib. Floydun ölümü ilə əlaqədar bütün ölkədə keçirilən etiraz aksiyalarının iştirakçıları da analoji tələblərlə çıxış ediblər. Onlar həm də bütün ölkədə qaradərili vətəndaşların öldürülməsinə və polis qəddarlığına qarşı mübarizə üçün hərtərəfli islahat aparılmasını tələb edirlər.
AZƏRTAC-ın Vaşinqton bürosu