MƏDƏNİYYƏT
Mirvarid Dilbazinin 110 illiyi münasibətilə növbəti tədbir
Bakı, 19 avqust, AZƏRTAC
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialında Xalq şairi Mirvarid Dilbazinin doğum günü münasibətilə tədbir keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, filialının əməkdaşı Gülyaşa Şükürova Mirvarid Dilbazinin həyat və yaradıcılığı haqqında məlumat verib. O bildirib ki, Mirvarid Dilbazi 1912-ci il avqustun 19-da Qazax rayonunda anadan olub. Onun “Qadınların hürriyyəti” adlı ilk şeiri 1927-ci ildə nəşr olunub. Şairənin müxtəlif illərdə çapdan çıxan “Bizim səsimiz”, “Vətən eşqi”, “Sənətkarın xəyalı”, “Xatirələr olan yerdə”, “Həyat lövhələri” və başqa kitablarında xalqımızın tarixi və müqəddəs dəyərləri, xalqa bağlılıq duyğuları böyük məhəbbətlə tərənnüm edilib. Mirvarid Dilbaziyə 1979-cu ildə Azərbaycanda ilk qadın şair olaraq Xalq şairi fəxri adı verilib. İki dəfə Şərəf nişanı, Qırmızı Əmək Bayrağı, İstiqlal ordenləri ilə təltif edilmiş şairə 2001-ci il iyulun 12-də Bakıda vəfat edib.
Kitabxananın müdiri Yəmən Əmirova Mirvarid Dilbazinin əsərlərinin bu gündə sevilə-sevilə oxunduğunu qeyd edib. O, həmçinin şairənin yaradıcılığının bir qolu olan və kiçik yaşlı uşaqlar üçün yazılmış əsərlərindən də danışıb.
Kitabxananın fəal oxucularından olan Rəsul İbadov Mirvarid Dilbazinin uşaqlar üçün yazılmış əsərləri haqqında suallar verib.