SİYASƏT


Misir-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri əlaqələrin daha da inkişafı üçün səylərini artıracaq

Qahirə, 12 oktyabr, AZƏRTAC

“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misir Parlamentinin Din və vəqflər komitəsinin sədri, həmçinin Misir-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Usama Al-Əbdla görüşüb.

AZƏRTAC xəbər verir ki, diaspor sədri S.Nəsirov iki ölkə arasında tarixi, mədəni, siyasi əlaqələrdən, Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıq ənənələrindən söhbət açıb. O, Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu məkan olduğunu, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığını xüsusi qeyd edib.

Usamə Al-Əbd öz növbəsində sentyabrın 21-də Azərbaycan parlamentinin yaranmasının 100 illiyinə həsr olunan təntənəli tədbirdə iştirakı çərçivəsində önəmli görüşlər keçirdiyini qeyd edib. Misirli deputat, xüsusən, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam hacı Allahşükür Paşazadə, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və Azərbaycan-Misir parlamentlərarası dostluq qrupunun sədri Gövhər Baxşəliyeva ilə keçirdiyi görüşlərin əhəmiyyətindən ətraflı söhbət açıb. O, belə görüşlərin xalqlarımız arasında dostluq əlaqələrini daha da inkişaf etdirdiyini vurğulayıb.

Misir-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın gündən-günə inkişaf etdiyinin şahidi olduğunu da diqqətə çatdırıb. O, 2017–ci ilin dekabrında Bakıda olarkən Prezident İlham Əliyevlə görüşündən də geniş söhbət açıb.

Usama Al-Əbd bundan sonra da iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün əzmlə çalışacağını qeyd edib. Azərbaycan xalqının çox qonaqpərvər olduğunu bildirən komitə sədri, ölkəmizdə keçiriləcək digər tədbirlərdə də iştirak edəcəyini bildirib.

S.Nəsirov görüşdə Azərbaycan həqiqətlərindən danışarkən Xocalıda törədilən soyqırımı barədə geniş məlumat verib, bu faciənin dünyanın bir çox ölkələrində qəbul olduğunu diqqətə çatdırıb.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.