Misir Prezidentinin səfəri ölkəmizin Şərqdə strateji əhəmiyyətini bir daha təsdiqləmiş oldu
AzerTAg.az

Bakı, 29 yanvar, AZƏRTAC
Azərbaycan–Misir münasibətləri qədim tarixi köklər əsasında inkişaf edib. Ortaq mədəniyyətə malik bu iki ölkə arasında hələ orta əsrlərdən xalqlararası əlaqələr qurulub. Sovet dönəmində belə qorunub-saxlanan bu əlaqələr müstəqillik illərində daha da möhkəmlənib.
Azərbaycanın müstəqil dövlət kimi yürütdüyü xarici siyasət kursunda mühüm faktor olan İslam ölkələri sırasında Misir başlıca yerlərdən birini tutur. Ölkəmizin ərazi bütövlüyü məsələsində hər zaman respublikamızı müdafiə edən Misir Ərəb Respublikası Zəfər savaşı günlərində və ondan sonra da Azərbaycanın haqlı mövqeyinə dəstək verib. İslam Konfransı Təşkilatı və digər beynəlxalq qurumlarda da Azərbaycan həmişə rəsmi Qahirənin dəstəyini qazanıb. Siyasi-mədəni əlaqələrlə yanaşı, son illər Azərbaycanla Misir arasında iqtisadi əlaqələr də inkişaf edib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov bildirib.
Deputat vurğulayıb ki, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin ölkəmizə səfəri bu baxımdan iki ölkə arasında münasibətlərdə yeni səhifə açacağını zəruri edir.
Misir Prezidentinin Azərbaycana səfərinin bundan sonrakı əlaqələrin inkişafına böyük töhfə verəcəyini bildirən dövlətimizin başçısı İlham Əliyev keçirilən səmərəli görüşlərdə bir çox məsələlərin müzakirə edildiyini və gələcək əməkdaşlıq haqqında vahid mövqeyə gəlindiyini, bunun üçün bütün imkanların olduğunu söylədi. Gələcək əməkdaşlığa toxunan Prezident İlham Əliyev BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar çərçivəsindəki tədbirlərdə ənənəvi olaraq tərəflərin gələcəkdə də bir-birinə qarşılıqlı dəstək göstərəcəyini vurğuladı.
Prezident İlham Əliyev mətbuata bəyanatında Ermənistan-Azərbaycan münaqişəsinin başa çatdığını, artıq bu problemin həll olunduğunu, Qarabağın işğaldan azad edilərək Azərbaycanın ayrılmaz hissəsi olaraq qaldığını və bütün bunlardan sonra sülhə yaxınlaşıldığını da bildirdi.
Ölkə rəhbəri bəyanatında daha sonra Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi ilə bağlı təkliflərin irəli sürüldüyünü və bütün əzab-əziyyətlərə, dağıntılara baxmayaraq, sülh müqaviləsinin zəruriliyini xatırlatdı. Əks təqdirdə, bölgədə təhlükələrin daha da arta biləcəyi ehtimalını söylədi.
Bəyanatında Azərbaycanın 30 ilə yaxın çəkən işğala hərbi-siyasi yollarla son qoyduğunu, öz ərazi bütövlüyünü gerçəkləşdirdiyini, BMT-nin dörd qətnaməsini özü icra etdiyini bildirən Prezident İlham Əliyev həmin qətnamələrin adıçəkilən nüfuzlu təşkilatın özü tərəfindən icra edilməli olduğunu diqqətə çatdırdı. “BMT Təhlükəsizlik Şurasının islahatlarının labüdlüyü məhz buna əsaslanır. Çünki biz 30 ilə yaxın bu qətnamələrin icrasını gözləmişik, amma bunu görməmişik. Yəni, burada həm ikili standartlar hökm sürürdü, həm ayrı-seçkilik hökm sürürdü. Biz bu müharibəni apararaq işğala son qoyduq və ədaləti bərpa etdik. İndi isə azad edilmiş torpaqlarda qurub-yaradırıq və bütün dağıntıları görərkən bir daha görürük ki, biz Azərbaycanı və bölgəni hansı bəladan qurtardıq”, – deyə dövlətimizin başçısı vurğuladı.
Rəşad Mahmudov sonda əlavə edib ki, Misir Prezidentinin Azərbaycana səfəri ölkəmizin Şərq regionunda strateji əhəmiyyətini bir daha təsdiqləmiş oldu. Eyni zamanda, bu səfər Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinə də əlavə dividend gətirdi.
Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət kursunun ölkəmizin inkişafı və rifahına hesablanan konturlarında mühüm amil olan əməkdaşlıq və qarşılıqlı əlaqələr prinsipi bütün istiqamətlərdə respublikamıza uğur gətirməkdədir. Həm Avropa, həm də İslam ölkələri və təşkilatları ilə sıx əlaqədə olan Azərbaycan bu gün bütün dünyaya sülh və sağlam əməkdaşlıq örnəyinə və tərəfdaş ölkəyə çevrilib.
Xəbərin mətnində orfoqrafik səhv var