DÜNYA
Misir hökuməti Süveyş kanalında hərəkəti bərpa etmək üçün tədbirləri davam etdirir
Qahirə, 26 mart, AZƏRTAC
Avropa ilə Asiya arasında dəniz ticarətinin dayanmasına səbəb olmuş Süveyş kanalının bağlanması Misir hökumətini hərəkətə keçirib.
AZƏRTAC xəbər verir ki, kanalın idarə edilməsi üzrə məsul qurum kanal sularında saya oturmuş, uzunluğu 400 metr olan “Even Given” yük gəmisinin ətrafında və altındakı 200 min kubmetr həcmində qumun təmizlənməsinə başlayıb. Bildirilib ki, gəminin yenidən üzməsini təmin etmək məqsədilə 16 metr dərinliyində qazma işləri aparılmalıdır. Bunun üçün əraziyə 9 yedək gəmisi, 4 qazma qurğusu və 2 qreyder gətirilib. Misir hökuməti gəmiçilik şirkətlərinə təzminat ödəyəcəyini bəyan edib.
Ötən il qlobal dəniz ticarətinin 12 faizinin həyata keçirildiyi Süveyş kanalı ilə 1,7 milyard ton yük daşınıb. Kanaldan keçən 18 min 829 yük gəmisi və neft tankeri Misir büdcəsinə 5,1 milyard dollar tranzit gəliri təmin edib. Bundan başqa, Süveyş kanalının bağlanması COVID-19 pandemiyası ilə mübarizəyə də mənfi təsir göstərir. Belə ki, gəmi ilə göndərilən tibb ləvazimatları və vaksin dolu konteynerlər də ünvanına çatmayıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə