DÜNYA
Misir ispan təbii qaz şirkətinə 2 milyard dollar təzminat ödəyəcək
Bakı, 6 sentyabr, AZƏRTAC
Misir İspaniyanın “Union Fenosa Gas” şirkətinə 2 milyard 13 milyon 71 min dollar təzminat ödəyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə İnvestisiya Mübahisələrinin Həllinə dair Beynəlxalq Mərkəz (ICSID) qərar qəbul edib.
Misirin Neft və Dağ Mədən Nazirliyinin məlumatına görə, “Union Fenosa Gas” şirkəti 4 il əvvəl Misir əleyhinə ICSID nəzdində təxminən 4 milyard dollarlıq təzminat iddiası qaldırıb. ICSID isə Misirin ispan qaz şirkətinə 2 milyard 13 milyon 71 min dollar təzminat ödəməsinə qərar verib.
“Union Fenosa Gas” Misirin təbii qaz holdinqi “EGAS”ın 2000-ci ildə imzalanan və 2005-ci ildə Dimyatdakı mayeləşdirilmiş təbii qaz (LNG) müəssisənin fəaliyyətə başlamasından dərhal sonra qüvvəyə minən qaz satınalma müqaviləsində müəyyən olunan qaz həcmlərini tədarük etmədiyini iddia edib. Misirin Neft və Dağ Mədən Nazirliyi isə ispan şirkətinə məxsus LNG müəssisənə qaz tədarükünün 2011-ci ildə ölkədəki inqilab və sonra yaşanan böhranla əlaqədar azaldığını, “EGAS”dan asılı olmayan səbəblərdən 2012-ci ilin dekabr ayında qaz tədarükünün dayandığını bildirib.