DÜNYA
Misir məhkəməsi ABŞ səfirliyinə hücum edənlər barəsində hökm çıxarıb
Bakı, 21 fevral, AZƏRTAC
Qahirə Ağır Cinayətlər Məhkəməsi 2013-cü ilin iyulun 22-də ABŞ səfirliyi qarşısında iğtişaş törədən şəxslər barəsində hökm çıxarıb. AZƏRTAC “Egyptindependent” informasiya agentliyinə istinadla xəbər verir ki, müttəhimlərdən biri ömürlük, 14-ü isə 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Bir nəfər barəsində bəraət hökmü çıxarılıb.
Qahirə Prokurorluğu bildirib ki, məhkum olunmuş şəxslər sabiq Prezident Məhəmməd Mursinin hakimiyyətdən devrilməsi zamanı Tahrir meydanından Birləşmiş Ştatların səfirliyinə yürüş edərək burada iğtişaşlar törədiblər. Onlara qarşı bir neçə qanun keşikçisini yaralamaq, dövlət əmlakına ziyan vurmaq, qanunsuz silah saxlamaq və əhalini terror etmək ittihamları irəli sürülüb. Prokurorluq İtaliyada təhsil alan və hazırda həbsdə olan Patrik Corc Zəkinin istintaq təcridxanasında işgəncələrə məruz qalması barədə iddiaları da təkzib edib. Qeyd olunub ki, həmin şəxs haqqında sosial şəbəkələrdə yalan informasiyalar yaymaqla bağlı cinayət işi qaldırılıb.