QAN YADDAŞI
Misir qəzetlərində Xocalı soyqırımı ilə bağlı məqalə dərc olunub
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycanın Misirdəki səfirliyi tərəfindən Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, ölkəmizin Misirdəki səfiri Tural Rzayevin Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı məqaləsi Misirin “Əl-Cumhuriyyə”, “Əxbarul-Yaum”, “Akhrakhbar”, “Alwasela”, “Aldiplomasy”, “Rayetmisr” və digər qəzetlərində, həmçinin Sudan Respublikasının “Masader-sd” qəzetində dərc olunub.
Məqalədə Sovet İttifaqı dağılması, Azərbaycan Respublikasının öz müstəqilliyini yenidən bərpa etməsindən sonra torpaqlarımızın 20 faizinin Ermənistanı silahlı qüvvələri tərəfindən işğal olunması, bir milyondan çox qaçqın və köçkünün öz tarixi torpaqlarından zorla çıxarılması, Xocalı soyqırımı barədə ətraflı məlumat verilib.
Bildirilir ki, 1992-ci il fevralın 26-da SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırımı törədilib. Faciə nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla, 613 dinc sakin amansızcasına qətlə yetirilib, 1275 xocalı sakini əsir götürülüb və 150 nəfər itkin düşüb. Yazıda soyqırımından əvvəl baş vermiş hadisələr və həmin faciənin nəticələri barədə oxuculara müfəssəl məlumatlar təqdim edilib.
Müəllif qeyd edir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib, həmçinin digər beynəlxalq təşkilatlar tərəfindən də münaqişə ilə bağlı çoxsaylı qərar və qətnamələr qəbul edilib. Lakin bu qərar və qətnamələrin tələbləri hələ də işğalçı Ermənistan tərəfindən icra edilməyib. Eyni zamanda, vurğulanır ki, Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılır və bir sıra ölkələrin qanunverici orqanları tərəfindən bu soyqırımına hüquqi və siyasi qiymət verilir.