DÜNYA
Misirə Yaponiya investisiyalarının həcminin artırılması məsələləri müzakirə edilib
Qahirə, 12 mart, AZƏRTAC
AZƏRTAC xəbər verir ki, Misirin Baş naziri Mustafa Madbulinin Misir-Yaponiya İşgüzar Şurasının nümayəndələri ilə görüşündə Yaponiyadan investisiyaların həcminin artırılması və Misirdə Yaponiya şirkətlərinin fəaliyyətinin genişləndirilməsi məsələləri müzakirə edilib.
Misir hökumətinin başçısı ümidvar olduğunu bildirib ki, Misir-Yaponiya İşgüzar Şurasının bir gün əvvəl Qahirədə keçirilən 11-ci konfransı Misir bazarına Yaponiya investisiyalarının həcminin artırılmasına, habelə iki ölkə arasında əmtəə dövriyyəsinin genişlənməsinə kömək edəcək. Misir hökumətinin Yaponiya tərəfi ilə əməkdaşlığa və Misirdə Yaponiya sənaye zonasının yaradılmasına hazır olduğunu təsdiq edən Baş nazir qeyd edib ki, hökumət biznesin idarə olunması üçün müvafiq şərait yaratmağa çalışır və yeni investisiyalar cəlb olunması, habelə Misirdə cəlbedici investisiya mühitinin formalaşması üçün ciddi addımlar atmağa davam edir.
Yaponiya Xarici Ticarət Təşkilatının sədri başçılıq etdiyi qurumun Misirdə biznes üçün şəraitin yaxşılaşdırılması, Misir mallarının Yaponiyaya ixrac həcminin artırılması, habelə iri, orta və kiçik sahibkarlığın inkişafının stimulaşdırılması məsələlərində Misir hökuməti ilə əməkdaşlığa hazır olduğunu bildirib.
Mustafa Madbuli Misirdə Yaponiya sənaye zonasının yaradılması təşəbbüsünün həyata keçirilməsini sürətləndirmək və Misirdə Yaponiya şirkətlərinin fəaliyyəti yolunda yaranan hər hansı maneəni aradan qaldırmaq üçün müvafiq nazirlərə Yaponiya tərəfi ilə sıx qarşılıqlı fəaliyyəti davam etdirməyi tapşırıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə