QAN YADDAŞI
Misirin “Qahirə” televiziya kanalında Xocalı soyqırımından bəhs edən veriliş yayımlanmışdır VİDEO
Əmman, 19 fevral (AZƏRTAC). Misirin “Qahirə” televiziya kanalında Xocalı soyqırımı ilə bağlı “Məhv edilmiş şəhər” adlı veriliş yayımlanmışdır.
Verilişdə ərəb dilində Xocalı soyqırımından bəhs edən sənədli film göstərilmişdir.
Filmdə Xocalı hadisələrinin baş vermə səbəbləri, keçmiş Sovet İttifaqı rəhbərliyinin erməni separatçılarına, Ermənistan hökümətinə havadarlığı, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc Azərbaycan əhalisinə qarşı törədilmiş vəhşiliklər geniş şəkildə əksini tapmışdır.
Veriliş çərçivəsində Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev telekanala müsahibəsində ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları və törətdiyi vəhşiliklər barədə ətraflı məlumat vermişdir. Diplomat SSRİ-nin dağılmasından sonra Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı müharibəyə başladığını və Xocalı şəhərinin bu açıq-aşkar təcavüzün ilk hədəflərindən biri olduğunu vurğulamışdır. Xocalı əməliyyatının təşkil edilməsində o zaman Dağlıq Qarabağda dislokasiya olunan keçmiş SSRİ-in 366-cı alayının da iştirak etdiyini deyən Ş.Abdullayev bu qətliamın insanlıq əleyhinə cinayət olduğunu bildirmiş və Ermənistan rəhbərliyində olan şəxslərin bu əməllərə görə məsuliyyət daşıdığını diqqətə çatdırmışdır.
http://www.youtube.com/watch?v=GJ6xkF2WlXk&feature=em-upload_owner
Asya Hacizadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman