MƏDƏNİYYƏT
Misirli gənclər Azərbaycan mədəniyyətinə heyranlıq hisslərini ifadə ediblər
Qahirə, 9 may, AZƏRTAC
Azərbaycanın Misirdəki səfirliyi və Qahirənin Opera Evinin təşkilatçılığı ilə Misir paytaxtının Salah Tahir Qalereyasında Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Xarıbülbül” sərgisi başa çatıb.
Misirli gənclər Qahirədə böyük maraq doğuran sərgi ilə bağlı təəssüratlarını AZƏRTAC-ın xüsusi müxbiri ilə bölüşüblər.
Qahirə Universitetinin İncəsənət fakültəsinin məzunu İsra Adil deyib: “Şərq aləmində məxsusi yeri olan Azərbaycan mədəniyyəti ilə daha yaxından tanışlıq böyük zövq mənbəyidir. Bu yaxınlarda Misirin Mərkəzi Kitabxanasında təşkil olunmuş Nizami Gəncəviyə həsr edilmiş konfransda və rəssamlıq sərgisində buna bir daha əmin oldum. Hazırda Qahirə Universitetinin Şərq dilləri departamentində çalışıram və Azərbaycan dilini də öyrənirəm. Sizin xalqın qədim və zəngin mədəni irsinə daha yaxından bələd olmaq istəyirəm.
Bugünkü sərginin eksponatları Azərbaycanın mədəni irsi ilə yanaşı, həm də füsunkar təbiətini də əks etdirir. Xəzərin mənzərəsi, yaşıllıqlara bürünmüş dağların panoramı məni heyran etdi. Bilirəm ki, azərbaycanlılar musiqiyə və rəssamlığa xüsusi marağı ilə seçilirlər. Hesab edirəm ki, Azərbaycan mədəniyyəti ilə tanışlıq misirli gənclərin dünyagörüşünün artmasında mühüm amil ola bilər”.
Misirli gənc, bir sıra ixtiraların müəllifi bildirib: “Bu sərgidə mənim də rəsm əsərim nümayiş etdirildi. Olduqca xoş və qürurverici idi. Anam azərbaycanlıdır və incəsənətə olan marağım da bundan irəli gəlir. Sərgi ilə yanaşı, doğma vətənim olan Azərbaycanı Misirdə keçirilən müxtəlif tədbirlərdə tanıdıram. Eyni zamanda, Azərbaycanın zəngin mədəni irsini öyrənməkdə davam edirəm. Azərbaycanda olan həmyaşıdlarımla da sıx əlaqə saxlayır, tədbirlərdə fəal iştirak edirəm. Dünən Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə virtual konfransa da qatıldım. Gələcək həyatımda da Azərbaycanın mədəni irsini tanıtmağa davam edəcəyəm”.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə