ELM VƏ TƏHSİL
Mıtişşi orta məktəbinin şagirdləri Azərbaycanın Rusiyadakı səfirliyində olublar
Moskva, 3 dekabr, AZƏRTAC
Moskva vilayətindəki Mıtişşi şəhərinin 31 nömrəli orta məktəbinin şagirdləri Azərbaycanın Rusiyadakı səfirliyində olublar.
AZƏRTAC xəbər verir ki, həmin məktəbin 8-ci sinif şagirdlərini və onların rus dili və ədəbiyyatı müəlliməsi Elmira İsmayılovanı səfirliyin mədəniyyət üzrə attaşesi Nigar Axundova qarşılayıb. Ölkəmizin səfirliyi ilə tanışlıq Bakı şəhərindəki 23 nömrəli məktəblə beynəlxalq əməkdaşlıq çərçivəsində planlaşdırılıb.
Azərbaycanın diplomatik nümayəndəliyində uşaqlara Azərbaycanın Rusiyadakı diplomatik missiyasının tarixi barədə məlumat verilib. Şagirdlər səfirliyin kitabxanasına baş çəkib, Azərbaycan haqqında məlumatı dinləyib, daha sonra “Qorxma, mən səninləyəm” filmindən fraqmentlərə tamaşa ediblər.
Tahir Salahovun gözəl rəsm əsərləri və reproduksiyaları şagirdlərin diqqətini cəlb edib. Uşaqlar səmimi qəbula, maraqlı məlumatlara və ətirli çaya görə səfirliyin əməkdaşlarına təşəkkür ediblər.
Xatırladaq ki, bu il may ayında Azərbaycan Respublikasının Prezidenti yanında “Bilik” Fondunun təşkilati dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə məktəblilərin “Azərbaycan: müasirlik ilə gələcəyin qovuşuğunda” mövzusunda üçüncü Beynəlxalq Konfransı keçirilib.
Konfransda Azərbaycanın 26 regionunu təmsil edən 80 məktəbli və xarici ölkələrdən gəlmiş 20-dən çox şagird iştirak edib. Konfrans iştirakçıları arasında Mıtişşi şəhərindəki 31 nömrəli orta məktəbin şagirdləri Kristina Artişşeva və Arina Ovçarenko da vardı.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva