ELM VƏ TƏHSİL
Mixail Zabelin: Bütün dünyadan gələn qonaqlar Azərbaycanın inkişafının şahidi olacaqlar VİDEO
Bakı, 5 oktyabr, AZƏRTAC
Budəfəki forum Azərbaycanda keçirilən ilk beynəlxalq tədbir deyil. Keçən il Bakıda “Rus icması - 20 il yeni Azərbaycanın xalqları ailəsində” mövzusunda respublika konfransı keçirilib. Builki nüfuzlu forumun işində Misir, Almaniya, Serbiya, Belarus, Çexiya, Rusiya, Latviya, Kanada, Ukrayna, Bolqarıstan və digər ölkələrdən gələn nümayəndə heyətləri iştirak edəcəklər. Ölkəmizin qonaqlarına respublikamızın və bizim doğma Bakı şəhərinin inkişaf səviyyəsini nümayiş etdirmək bizim üçün çox vacibdir.
Azərbaycan Rus İcmasının sədri, Milli Məclisinin deputatı Mixail Zabelin bu sözləri AZƏRTAC-a müsahibəsində söyləyib.
M.Zabelin belə bir forumun M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında keçirilməsinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bütün dünyadan gələn qonaqlar Azərbaycanın inkişafının şahidi olacaqlar.
Rus icmasının rəhbəri daha sonra deyib: “Azərbaycanda bərqərar olmuş tolerantlıq və multikulturalizm ab-havasını, həm rus dilinə, həm də bütün başqa dillərə xeyirxah münasibəti qonaqlarımıza nümayiş etdirmək bizim üçün vacibdir. Azərbaycan çoxmillətli ölkədir. Burada müxtəlif millətlərin nümayəndələri öz ana dilində təhsil almaq hüququna malikdir. Prezident İlham Əliyev həmişə vurğulayır ki, ölkəmizə gələn qonaqları Azərbaycan xalqının mədəniyyəti və məişəti ilə tanış etmək lazımdır, qoy onlar ölkəmizin yüksək inkişaf səviyyəsini öz gözləri ilə görsünlər. Forumun Bakıda keçirilməsi təşəbbüsünü beynəlxalq təşkilatlar - Moskva Dövlət Pedaqoji Universiteti (MDPU) və Rus dili və ədəbiyyatı müəllimlərinin Beynəlxalq Assosiasiyası irəli sürüb. Onlar Azərbaycanda rus dilinə və başqa mədəniyyətlərə necə qayğı və həssas münasibət bəsləndiyini görürlər”.
M.Zabelin bildirib ki, forum iştirakçıları sabah Azərbaycanın İsmayıllı rayonundakı İvanovka kəndinə yola düşəcəklər. Qonaqlar həmin kənddə yığcam şəkildə yaşayan rus əhalisinin həyat şəraiti ilə tanış olacaqlar. Forum iştirakçıları İvanovkada Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə tikilmiş yeni məktəbə də baş çəkəcəklər.