CƏMİYYƏT
Mobil telefonların ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 26 dekabr, AZƏRTAC
Mobil telefonların ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan “Mercedes Benz E 200 CDI” markalı nəqliyyat vasitəsilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub. Bu zaman vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Baxış zamanı nəqliyyat vasitəsinin salonundakı qadın çəkməsinin içərisində gömrük nəzarətindən gizlədilən 4 ədəd “iPhone 11 Pro Max”, şəxsi yoxlama zamanı isə pencəyin iç cibindən 2 ədəd “iPhone 11 Pro Max” markalı mobil telefon və 5 ədəd qulaqlıq aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.